Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Babək qalasına yürüş zamanı 80-dən artıq azərbaycanlı fəal saxlanılıb


50-dən çox azərbaycanlının taleyindən xəbər yoxdur
50-dən çox azərbaycanlının taleyindən xəbər yoxdur

İyulun 6-da İranda Babək qalasına yürüş etmək istəyən 80-dən artıq azərbaycanlı fəal həbs olunub. Bu haqda AzadlıqRadiosuna Avropada yaşayan, əslən İrandan olan azərbaycanlı hüquqşünas Nağı Mahmudi məlumat verib.

«50-dən çox fəalın taleyi bəlli deyil»

Onun sözlərinə görə, tutulanlardan təxminən 30 nəfəri buraxılsa da, 50-dən çox azərbaycanlının taleyindən xəbər yoxdur. Həbs edilənlər arasında Salar Əfşari, Rəhiməli Rzai, Əbülfəzl Bidoxt, Rəhman Qasımi, Əmr Haşimzadə, Qasım Mahmudi, Abbas Nikrəvan, xanım fəal Ulduz Qasımi də var.

N.Mahmudi deyir ki, bəlli olan daha çox siyasi fəalların adlarıdır, adı bəlli olmayan bir çoxundan xəbər almaq mümkün deyil.

İşgəncə iddiası, drondan çəkilən fotolar...

Hüquqşünas saxlanılanlara işgəncə verildiyini bildirir və sosial mediada bununla bağlı bəzi fotolar da yayılıb. İşgəncəylə üzləşənlər arasında Əli Xeyricu, Meysəm Colani, Məhəmməd Cavaninin olduğu iddia olunur.

«Saxlanılanların bəzisi Babək qalasına yaxın Kəleybər şəhərində tutulublar. Onları tutuqlamaq üçün təxminən 20 min polis gedib. Bundan başqa, yürüşə çıxanların fotolarını çəkməkdən ötrü dronlardan istifadə edilib. Artıq azadlıqda olan Murtəza Muradpur deyir ki, onun yürüşdə iştirak etdiyini dronla çəkilmiş şəkil vasitəsilə öyrəniblər», – N.Mahmudi söyləyir.

«Evin zindanına aparılanlar var»

Hüquqşünas həbsdəkilərlə bağlı bəzi təfərrüatları da bölüşür: «Yaşar Həsənpur evdə olmadığı halda qapısını qırıb içəri giriblər. Atası xəstədir. Ona deyiblər ki, oğlun narkotik alış-verişiylə məşğuldur. Sonradan Yaşarı tutub Evin zindanına aparıblar. Elə İbrahim Nuri də Tehrandakı Evin zindanındadır. Onun qardaşı Fərəc Nuri isə artıq buraxılıb. Ərdəbildə yaşayan Abbas Lisani isə həbs olunaraq Təbrizə aparılıb. Yeri gəlmişkən, Babək qalasına yürüşə çıxanların çoxuna bir neçə gün qabaqdan tədbirdə iştirak etməmələri ilə bağlı xəbərdarlıq edilibmiş. Abbas Lisani də xəbərdarlıq alanlardan biri idi».

N.Mahmudi bəzi fəalların artıq qeyd-şərtsiz, 20 nəfərin isə girov qarşılığında azadlığa çıxdığını qeyd edir. Qeyd-şərtsiz buraxılanlar Murtəza Muradpur, Aydın Zakiri, Mehdi Gülabi, Fərhad Ciddi, Məhəmməd Xakipur, Həmid Ədib, Firuz Müini, Fərəc Nuridir.

«Qadınlar fəal olublar»

«Budəfəki yürüşdə qadınlar çox fəal olublar. Yayılan videogörüntülərdən də bəlli olur. Saxlanılanlar arasında qadınlar da var. Biri Ulduz Qasımidir», – N.Mahmudi bildirir.

«25 ilə yaxındır hər il Babək qalasına yürüş edilir. Amma son 10 ildə yürüşlə bağlı problem yaradılmaqdadır. İran hökuməti güneylilərin öz qəhrəmanlarını yad etmələrindən, bir yerə toplanmasından narahatdır. Çünki Babək tək qəhrəman deyil, həm də islam əleyhdarı, dinsiz, allahsız biri kimi tanıdılır. O, güneylilərin ilham qaynağıdır», – o, sözlərinə əlavə edir.

Sosial mediada Babək qalasına yürüş zamanı çəkilən videogörüntülər yayılıb. Yürüşçülər «Azərbaycana can fəda», «Yaşasın Azərbaycan» şüarları səsləndirir, rəqs edirlər.

Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmidin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir. İran hökuməti son illər qalaya yürüşə maneələr yaradır, təşkilatçıları həbs edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG