Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Qarabağ döyüşçüsünün həbsxanada aclıq etdiyi bildirilir


Babək Həsənov

AXCP-nin Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü Babək Həsənovun saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosu-na danışan qardaşı Cavid Həsənli deyir ki, Babək Həsənov müəssisə rəhbərliyinin ona qarşı təzyiqlərinə etiraz olaraq, bu etiraz formasına əl atıb:

“Babək Həsənliyə birbaşa fiziki güc tətbiq olunmasa da, psixoloji təzyiqlər yoluyla ona əziyyət verirlər. Digər məhkumları onun əleyhinə yönəltməyə çalışırlar, təcrid kampaniyasına başlayıblar. Göstəriş verilib ki, onunla ünsiyyət qurmasınlar və beləliklə, Babək Həsənov təcrid olunmuş vəziyyətdə qalsın. Babək Həsənov evlə telefonla danışanda dedi ki, həmin müəssisədəki dindar fəal Əhsən Nuruzadəni də onunla ünsiyyətə görə - salam verdiyinə görə cəzalandırıb, “karsa” salıblar”.

“Görünür, o vaxtdan qərəzini davam etdirir”

Qardaşının sözlərinə görə, Babək Həsənli özəlliklə başqa bir məhbusun onunla adi söhbətə görə cəzalandırılmasından sonra aclıq aksiyası keçirmək qərarı verib.

Cavid Həsənli bildirir ki, qardaşı mayın 29-da səhər ailə üzvləri ilə telefonla danışarkən saat 10.00-dan aclığa başlayacağını, bu barədə müəssisə rəhbərliyinə də ərizə təqdim edəcəyini deyib:

“Müəssisənin rəisi Məmməd Mahmudovun Babəkə qarşı qərəzi var. Babək 2011-ci ildə 2 aprel mitinqinə görə həbs olunanda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanırdı. Məmməd Mahmudov həmin vaxt oranın rəisi idi. Orada Babək və başqa dustaqlar saxlanma şəraitinə etiraz eləmişdilər, şəraitin yaxşılaşdırılmasını tələb eləmişdilər. Bu da xoşuna gəlməmişdi. Sonra Babək də daxil olmaqla, bir neçə məhbusun yerini dəyişdirmişdilər, onları 14-cü kolona köçürmüşdülər. İndi həmin rəis 6 saylı müəssisəyə gəlib və görünür, o vaxtdan qalan qərəzini davam etdirir”.

“Mümkün deyil”

Penitensiar Xidmətdən isə Qarabağ döyüşçüsünün həm aclıq etməsi, həm də təzyiqlərə məruz qalması barədə deyilənləri təkzib ediblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, başqa məhkumlar kimi, Babək Həsənov da qanunvericiliyin tələblərinə uyğun şəraitdə saxlanılır:

“Heç kim aclıq eləmir. Onun təcrid olunmasına gəlincə, 6 saylı cəzaçəkmə müəssisəsi qapalı deyil, açıq tipli yerdir. Orada kimisə təcrid eləmək, başqa məhkumlarla ünsiyyəti qadağan etmək mümkün deyil”.

Xatırlatma

Babək Həsənov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub.

Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

Saleh Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb.

Onların hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alındıqdan sonra mayın 25-də AXCP funksionerləri saxlanılıb.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri Vidadi Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babık Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG