Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:44

Başqasına kömək etmək istədi, ilyarım həbsdə saxlandı


Arif İsgəndərov aylarla davam edən məhkəməsinin hər iclasında deyirdi ki, onun heç bir günahı yoxdur, nahaqdan həbsdə saxlanılır. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində ona 12 il həbs cəzası kəsildi. İlyarıma yaxın həbsdə saxlanılan Arif İsgəndərov apellyasiya məhkəməsini isə günahsızlığına inandıra bilib. O, bəraət hökmüylə azadlığa çıxıb.

O, İrandan Azərbaycana qaymaq və pendir qutularında (cəmi dörd qutu) 1 kiloqram 20 qram narkotik - heroin gətirməkdə ittiham olunurdu.

Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddələrilə ittiham verilmişdi. Onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları saxlayıb.

Arif İsgəndərov and-aman eləyirdi ki, o qutuların olduğu sellofan torba onun olmayıb. Gömrük yoxlamasından əvvəl ona başqa bir adam - Rauf Nuri verib. Öz əlində yükün çox olduğunu əsas gətirib, torbanı keçirməyi xahiş edib. Torbanı verəndə də deyib ki, narahat olmasın, içərisində qaymaq və pendirdi. O da açıb eyni məhsulların qutularını görəndə inanıb. Gömrük yoxlamasından keçəndə isə qutuların içində narkotik olduğu aydınlaşıb.

Rauf Nuri özü həmin gün rahat şəkildə hava limanından keçib gedib, Arif İsgəndərov isə həbs edilib.

Arifin yaxınları Rauf Nurini tapıb, ondan gedib həqiqəti danışmağı tələb ediblər. O isə adının çəkilməməsindən ötrü 500 min pul təklif edib. Üstəlik, söz verib ki, Arifi də həbsdən azad etdirəcək.

Bütün bunlar haqda Arif İsgəndərovun xanımı Gülnar İsgəndərova məhkəmədə şahid kimi ifadə verəndə danışıb. Onun sözlərinə görə, Rauf özünün də günahsız olduğunu deyirmiş:

“Rauf deyirdi ki, nə qədər istəsək, pul verəcək, 500 min təklif edirdi. Deyirdi ki, obyektləri var, hansına barmağımı qoysam, bizə verəcək, təki bu işdə adı çəkilməsin. Arifi də azadlığa çıxaracağını deyirdi".

Gülnar İsgəndərova bildirir ki, öncə inanıb, amma bir müddət sonra həyat yoldaşının azadlığa çıxmadığını görüb Gömrük Komitəsinə ərizə yazıb. Ərizəsində də bütün olanları yazıb. Dediyinə görə, gömrük əməkdaşı ona təklif ediblər ki, Raufdan həyat yoldaşına göndərmək üçün 3 min manat pul istəsin, əməliyyat qursunlar. Onu həbs edib, Arifi buraxacaqlar. O da deyildiyi kimi eləyib. Üç gün izlənilən Rauf gətirib pulu verəndə tutulub.

Rauf Nuri də Arif İsgəndərovla birlikdə məhkəmə qarşısına çıxarılmışdı. O, Arifin günahsızlığını - torbanı ona özünün verdiyini məhkəmədə də təsdiqləyib. Özünün də günahsız olduğunu söyləyib. Deyib ki, torbanı ona İranda Hüseyn adlı şəxs vermişdi:

“Biz həmişə onlardan alver edirdik və bizi tanıyır. Dedi ki, paketdə şirniyyat, xama var, yolda yeyərsiz. Şəffaf paket idi. Yolda məlum oldu ki, içərisində narkotik var. Bu işdə Arifin heç bir günahı yoxdur".

Bakı Ağır Cinayətlər Məhkəməsi Arif İsgəndərovıa yanaşı, Rauf Nuriyə də 12 il həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi Arifə bəraət verib, Rauf Nurinin cəzasını isə 10 ilə endirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG