Özünü Baş prokuror Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Atakişiyevə dörd il həbs cəzası kəsildi. İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb. O, dələduzluqda - kirvə kimi əlaqələrindən istifadə edib, adamların problemlərini həll edəcəyinə söz verməklə aldadıb pullarını əllərindən almaqda təqsirli bilinib.
Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası E.Atakişiyevi dələduzluqda təqsirli hesab etsə də, ona verilmiş ittiham maddəsini dəyişib.
E.Atakişiyev CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Çünki o, məsuliyyətə cəlb olunan vaxt dələduzluq cinayətlərində zərərçəkmiş tərəfə dəyən ziyan 10 min manatdan çoxdursa, bu, külli miqdar hesab olunurdu. Lakin 2017-ci ilin sonunda qanunvericiliyə dəyişikliklərdən sonra külli miqdar 50 min manatdan yuxarı məbləğlərə aid edilir.
E.Atakişiyev «xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə» suçlu sayılıb.
E.Atakişiyev özünü qismən təqsirli bilib. Deyib ki, zərərçəkmişlər Səadət Məmişovadan da, Elşad Zeynalovdan da pul alıb, ancaq borca və ya üstündə əlavə pul qaytarmaqla.
S.Məmişovanın sözlərinə görə, E.Atakişiyevi ona «Qaralovun kirvəsi» kimi təqdim ediblər, özü də həmin vaxt bunu təsdiqləyib. Baş prokurorun kirvəsinin imkanlarının geniş olacağını düşünüb, həyat yoldaşının həbsdən azad edilməsinə köməklik göstərməsi üçün ona pul verib. Zərərçəkmişin iddiasına görə, o, 20 min ziyana düşüb.
E.Atakişiyev isə bildirir ki, qadından ərini buraxdırmaq adıyla yox, borc pul alıb, onu da artıqlamasıyla qaytarıb: «6 min manat almışam, buna görə 7 min 200 manat qaytarmışam».
Digər zərərçəkmiş E.Zeynalova isə hələ də 1500 manat borclu olduğunu təsdiqləyir. Lakin bildirir ki, bu adamdan da pulu, onun dediyi kimi, oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adıyla yox, borc alıb.
Zərərçəkmiş S.Məmişova hökmdən öncə çıxışında deyib ki, ona dəymiş ziyanın bir hissəsi ödənilib, 6 min qalıb. O, pulunun tam ödənilməsini tələb etmişdi.