Keçid linkləri

Təcili xəbərlər
2019, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Baş Prokurorluq ‘Gəncə məhbusu’ ilə bağlı təkrar açıqlama yayıb


Azərbaycan Respublikası Baş Prokurorluğu

Baş Prokurorluq Gəncə hadisələrinə görə həbs olunmuş və iyulun 9-da Penitensiar Xidmətin Müalicə müəssisəsində vəfat etmiş Aydın Qurbanovla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, meyitin tibbi müayinəsi zamanı onun üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Zahid Oruc danışdı, Baş Prokurorluq açıqlama verdi

“Məhkəmə-tibbi ekspertizasının Aydın Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib”, - qurumun açıqlamasında deyilir.

Baş Prokurorluğun bir gün öncə - iyulun 11-də yaydığı məlumatda da işgəncə iddiaları təkzib olunur, onun martın 15-dən Penitensiar xidmətin Müalicə müəssisəində intensiv müalicə aldığı bildirilirdi.

Mərhumun həyat yoldaşı Məhbubə Məmmədova isə AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı həbs olunandan sonra verilmiş işgəncələr nəticəsində səhhətində problem yaranıb, o həmçinin mədə xərçəngindən əziyyət çəkirdi. “Xəstə idi, amma buna baxmayaraq aylarla onu normal müayinədən keçirmədilər, müalicə etmədilər”, - deyə Qurbanova belə iddia edir.

İyulun 12-də Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisdə çıxış edərək dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycana qarşı aparılan informasiya təbliğatında çevik olmamaqda ittiham edib.

APA-nın məlumatına görə, Zahid Oruc deyib:

“Gəncə hadisələrində iştirak edən adamlardan biri həbsxanada dünyasını dəyişib, xərçəngdən ölüb, Baş Prokurorluq, Penitensiar Xidmət üç gün sonra açıqlama verir. Belə gecikmə olmamalıdır. Belə təbliğat aparılır ki, guya gəncəlilərə qarşı hansısa fəaliyyət var. Gəncədə polis zabitini qətlə yetirən şəxs Şəmkirdə qarğıdalı sahəsində polisləri qətlə yetirmək istəyərkən öldürülmüşdü. Düz də edilmişdi. Aidiyyəti məsul şəxslər və qurumlar vəzifələrini yerinə yetirməli, cəmiyyəti vaxtında məlumatlandırmalıdır. Azərbaycan əleyhinə informasiya terroru aparanlara zamanında cavab verilməlidir”.

Xatırlatma

Rəsmi məlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.

İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hər iki hadisəni radikal dini yönümlü şəxslərin törətdiyi terror aktı olduğunu bildiriblər.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nəfər əməliyyatlar zamanı öldürülüb.

Gəncə hadisәlәrinә görә təqsirləndirilənlərin çoxu özünü günahkar saymayıb, onlar istintaq zamanı işgәncәlәrә məruz qaldıqlarını bildiriblәr.

“Gəncə işi” üzrə dörd qrupun məhkəməsi başa çatıb, həmin şəxslər 5-9 il həbs cəzası alıblar. Y.Səfərov daxil olmaqla iki qrupun məhkəməsi hələlik başlamayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG