Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:01

Baş Prokurorluq Əli Kərimlinin başını özünün vurduğunu deyir


AXCP sədri Əli Kərimlinin saxlanma anı
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

AXCP sədri Əli Kərimlinin saxlanma anı

Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin açıqlamaları ilə bağlı məlumat yayıb.

Qurum qeyd edib ki, Əli Kərimlinin oktyabrın 19-da polis əməkdaşlarının ona xəsarət yetirməsi barədə paylaşdığı məlumatlar və ictimai qaydanın pozulmasının qarşısı alınarkən hakimiyyət nümayəndələrinə müqavimətə dair xüsusatlar şəhər prokurorluğunda araşdırılıb.

«…Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın,… qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının… ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirmiş,… polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provokasiyaya cəhd edərək baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurmuş, nəticədə alın nahiyəsindən xəsarət almışdır», - açıqlamada yazılıb.

Vurğulandığına görə, bundan sonra Xətai rayon Polis İdarəsinə gətirilən Ə.Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib: «Baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapmışdır. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilmiş və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılmışdır».

İddiaya görə, həmçinin, Ə.Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.

Əli Kərimli sərbəst buraxılandan sonra ona verilən işgəncələrdən danışır
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Əli Kərimli nə demişdi

AXCP sədri Əli Kərimli isə oktyabrın 19-də sərbəst buraxıldıqdan sonra bildirmişdi ki, saxlanarkən və sonra ona qarşı zor işlədilib. Onun deməsinə görə, ən çox başına vurublar. AXCP sədri vurğulamışdı ki, həm başına təpik vurublar, həm də avtobusda hara gəldi çırpıblar. O, daha sonra Daxili İşlər Nazirliyinin (DİN) mərkəzi hospitalına aparılıb, yoxlandığını qeyd etmişdi:

«Məni tutdular, çox ciddi işgəncələr oldu, hətta bir müddət özümdə olmadım, mənim köynəyimi çıxarıblar, üstümə su töküblər ki, ayılım. Sonra mən özümə gətiriblər, tibbi müayinədən keçiriblər. Dedilər ki, guya daxili orqanların zədələnməyib, sümüklərin sınmayıb. Amma mən dəqiq bilmirəm, yenə də həkimə müraciət etməliyəm. Sonra məni gətirib evimin yaxınlığında buraxdılar...Az məsafə olmasına baxmayaraq, mən çətinliklə o məsafəni qət etdim....».

Milli Şuranın aksiyasına gələnləri polis saxlayır
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

DİN aksiya zamanı 60 nəfərin saxlandığını açıqlayıb. Amma aksiya iştirakçılarının sözlərinə görə, saxlananlar 100-dən çox olub. Bir çoxları haqqında inzibati həbs qərarlarının verildiyi qeyd olunur.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. Bundan sonra Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdi.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG