12 saylı Vəkil Bürosunun üzvü Vüqar Poladova vəkilliklə məşğul olmaq qadağan edilib. Bu qərarı məhkəmə verib. Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
V.Poladov CM-in 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələriylə təqsirli bilinərək məhkum edilib. Ona 8600 manat cərimə cəzası kəsilib. Əlavə cəza kimi isə vəkillikdən uzaqlaşdırılması da hökmdə əksini tapıb.
V.Poladov məhz vəkil statusunda dələduzluq etməkdə - hüquqi sahədə problemlərini həll etmək adıyla müştərilərdən pul alıb, onları aldatmaqda suçlanırdı.
Rüşvət verməyə gəlincə, bu barədə onun özünün yazdığı məktub var. O, həmin məktubu haqqında cinayət işi başlanmamışdan öncə Baş prokuror Zakir Qaralova ünvanlamışdı. Yazmışdı ki, vəkil kimi çıxdığı bəzi işlərdə məsələnin həlli üçün bir sıra vəzifəli şəxslərə rüşvət verilib və bu prosesdə şəxsən özü də iştirak edib.
Həmin məktub da sübut kimi V.Poladov haqqında cinayət işinə əlavə edilib. Amma o, məhkəmədə sözügedən məktubun sübutlar siyahısından çıxarılmasını istəyib.
V.Poladov vəkillikdən öncə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş icra məmuru olub.
V.Poladov haqqında cinayət işi başlanandan sonra mediaya açıqlamasında buna görə müxalifəti ittiham etmişdi. Deyirdi ki, cəzalanması müxalifətin sifarişidir. İddia edirdi ki, müxalif düşərgədə xeyli agent yerləşdirib, müxalifət bundan xəbər tutandan sonra onun barəsində sifarişlə cinayət işi başlanmasına nail olub.