Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:57

'Bağçada uşaqların yediyi yemək üfunət iyi verirdi...'


Bağça yeməyi. Foto arxiv

Lənkəran şəhərində yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi işləmiş Nuridə Mirzəyeva orada uşaqlara keyfiyyətsiz yeməklər verildiyini iddia edir. Deyir, bununla əlaqədar bağçanın müdirinə sözünü deyib və bu etirazı işini itirməsiylə nəticələnib.

«İşdən çıxarılmağım bağçada uşaqlara verilən yeməklərlə bağlı olub. Bağçanın müdirəsi Aybəniz Hüseynovaya bununla bağlı iradımı bildirmişəm. Demişəm ki, uşaqlara verilən yemək üfunət iyi verir. Çünki dövlətin verdiyi ərzaqlar yoxa çıxır. Əvəzində iylənmiş ərzaqlardan yemək hazırlanıb, uşaqlara verilir. Bu etirazıma görə Aybəniz Hüseynova məni uzaqlaşdırmaq qərarına gəldi. Lənkəran rayon İcra Hakimiyyətinə haqqımda yalan məlumat verdi. Öz hərəkətlərini ört-basdır eləmək üçün mənim işdən çıxarılmağıma nail oldu», – N.Mirzəyevanın sözləridir. O, məhkəməyə iddia ərizəsində də bunları yazıb.

Məhkəmə iddialarını təmin etməyib

N.Mirzəyeva 4 il sözügedən uşaq bağçasında tərbiyəçi işləyib. Bir il öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun əmriylə işdən çıxarılıb. Onun işdən çıxarılması barədə əmrdə səbəb kimi əmək funksiyalarının öhdəsindən gələ bilməməsi (Əmək Məcəlləsinin 70 maddəsinin «ç» bəndi) göstərilib.

N.Mirzəyeva bir ildir ki, bu məsələyə görə məhkəmələrdədir. Öncə Lənkəran rayon Məhkəməsinə üz tutub, icra hakimiyyətinə qarşı iddia qaldırıb. O, icra başçısının əmrinin ləğvini və işinə bərpa olunmasını, həmçinin, məcburi işburaxmaya görə ona çatası əməkhaqqının ödənilməsini tələb edib.

Lənkəran rayon Məhkəməsi onun iddiasını təmin etməyib. N.Mirzəyeva qərardan apellyasiya şikayəti versə də, nəticəsiz qalıb. Şirvan Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb. Yanvarın 27-də də isə məsələyə Ali Məhkəmə baxıb. Burada da qərar onun əleyhinə olub – kassasiya şikayəti təmin edilməyib.

İcra başçısı nə deyir

İcra başçısı Taleh Qaraşov bu məsələ ilə əlaqədar məhkəməyə məktub göndərib. Yazıb ki, işdən çıxarılmamışdan üç ay öncə N.Mirzəyeva işə gəlmədiyinə görə ona töhmət verilib. Ardınca da bağçada yoxlama aparılıb, bu tərbiyəçinin iş fəaliyyəti qənaətbəxş olmayıb: «Məlum olub ki, həftəlik təqvim iş planı, qrup uşaqları haqqında məlumat dəftəri, valideynlərlə iş qovluğu, oyuncaqların uçot dəftəri yoxdur, qiymətləndirmə aparılmayıb. Qrupda uşaqlar üçün günün rejimi təşkil olunmadığına görə uşaqlar rejimə riayət etməyib. Bununla da Nuridə Mirzəyeva üzərinə düşən vəzifələri yerinə yetirməyib. Ona görə akt tərtib olunub, Həmkarlar İttifaqına göndərilib. Bağçanın həmkarlar ittifaqı onun işdən azad edilməsinə razılıq verib».

N.Mirzəyeva isə bildirir ki, icra başçısının bu məktubunda göstərilənlər həqiqətəuyğun deyil. Onun sözlərinə görə, bağçanın müdiri A.Hüseynova ilə yeməyə görə aralarında mübahisədən dərhal sonra icra hakimiyyətinin nümayəndələri çağrılıb. Bundan sonra onun işdən azad edilməsi istiqamətində addımlar atılıb: «Mən işlədiyim dörd il ərzində heç vaxt intizam məsuliyyətinə cəlb edilməmişdim. Necə oldu, mübahisədən sonra bu qədər nöqsan üzə çıxdı?».

XS
SM
MD
LG