Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 11:41

Bağça müdirinin günahsız olub-olmadığı yenidən araşdırılacaq


Kids studio uşaq bağçası
Kids studio uşaq bağçası

Yasamal rayonundakı "Kids studio" uşaq bağçasında tərbiyəçinin azyaşlıları döydüyü görüntülər sosial şəbəkələrin uzun müzakirə mövzusuna çevrilmişdi.

Ardından tərbiyəçi Firuzə Tağıyeva ilə yanaşı, bağça müdiri Nigar Müseyibova da cinayət məsuliyyətinə cəlb olundu.

Məhkəmə tərbiyəçini CM-in 133-cü (işgəncə vermə) maddəsinin müxtəlif bəndləriylə təqsirli bilsə də, ona şərti cəza verdi.

Bağça müdiri CM-in 314-cü (səhlənkarlıq) maddəsiylə ittiham olunsa da, məhkəmə ona bəraət qazandırdı.

Bəraət hökmündən narazı qalan prokurorluq bu hökmün ləğvi və Nigar Müseyibovanın cəzalandırılmasından ötrü apellyasiya protesti verdi.

İyulun 22-də Bakı Apellyasiya Məhkəməsində bu iş araşdırılıb. Nigar Müseyibova yenə günahsız olduğunda israr edib:

"İstintaq və məhkəmə bir ilə yaxın davam edib. Sübut olundu ki, mənim günahım yoxdur. Mən işdə olduğum müddətdə belə hal olmayıb. Kameralara "reseption"da işləyən Nərgiz Novruzova nəzarət edib. O da mənə heç nə deməyib. Özü də həm istintaqda, həm də birinci instansiya məhkəməsində bunu etiraf edib".

Nigar Müseyibova iddia edir ki, valideynlər də onlayn qaydada bağçada olanları izləyə bilərdi və onların birindən də şikayət eşitməyib.

İyulun 29-da aydın olacaq?

Uşaqları döyməkdə ittiham edilən tərbiyəçiyə gəlincə, müdir deyir ki, Firuzə Tağıyeva əvvəl işlədiyi bağçadan olan 10 nəfər uşağın valideyni ilə birlikdə onlara üz tutub:

"Dedilər ki, əvvəlki bağçanın müdiri onları sıxır, daha çox sərbəstlik istəyirdilər. Valideynlər özləri də o müəlliməni istəyirdilər".

Məhkəmə kameralara nəzarət edən Nərgiz Novruzovanın dindirilməsinə qərar verib.

İyulun 29-da keçiriləcək növbəti məhkəmədə Nərgiz Novruzova videolarda uşaqların döyüldüyünü görüb-görmədiyinə, bu barədə müdirə məlumat verib-vermədiyinə açıqlıq gətirməlidir.

XS
SM
MD
LG