Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Bəzi namizədlər yeni seçki istəyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Milli Məclisə seçkilərdə iştirak edən 230-dan çox namizədin Konstitusiya Məhkəməsi və Prezident Administrasiyasına bəyanat ünvanladığı bildirilir.

Bu barədə namizədlərdən biri - Bəxtiyar Hacıyev məlumat verib.

Onun dediyinə görə, bəyanatı imzalayan namizədlər fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin saxtalaşdırıldığını qeyd edərək, nəticələrin tam ləğv edilməsini və yeni seçkilərin təyin edilməsini istəyirlər.

Bəxtiyar Hacıyev bildirib ki, bəyanatı müstəqil, bitərəf şəxslərlə yanaşı, bəzi partiya və seçki blokundan olan namizədlər də imzalayıblar:

"Bəyanatımız artıq qeyd edilmiş qurumlara göndərilib. Biz bu bəyanatla birinci növbədə cəmiyyətə göstərmək istəyirik ki, səsləri qoruyuruq və bunun üçün əlimizdən gələni edirik. İkinci növbədə hakimiyyətə göstəririk, düşünməsinlər ki, bununla hər şey bitdi. Biz mübarizəni axıra kimi aparacağıq. Üçüncü növbədə beynəlxalq təşkilatlara total seçki saxtakarlığının olmasını göstərmək istəyirik... "

Bu müraciətə, hələlik Konstitusiya Məhkəməsi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasından (MSK) münasibət almaq mümkün olmayıb.

Amma hakimiyyət təmsilçiləri bundan əvvəl bəyan ediblər ki, növbədənkənar parlament seçkilərində xalqın iradəsi ortaya qoyulub və müəyyən pozuntularla bağlı şikayətlər də qanunvericiliyə uygun araşdırılıb.

Fevralın 9-da gerçəkləşən parlament seçkilərində 125 deputat yeri uğurunda 1300-dən çox namizəd mübarizə aparmışdı.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

MSK artıq seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlamışdı. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alırdı.

Seçkidən dərhal sonra da ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olmuşdu. MSK-dan deyilmişdi ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib.

MSK təmsilçiləri bəyan ediblər ki, əksər dairə və məntəqələrdə seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib.

Azərbaycanda parlament seçkiləri, əslində, bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən Milli Şura və bəzi təşkilatlar isə bu seçkiləri boykot etmişdi.

Onlar əvvəlcədən deyirdilər ki, ölkədə azad və ədalətli seçkilər üçün minimum imkan belə yoxdur.

Rəsmilər onların mövqeyini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG