Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Bəzi namizədlər DSK-dan şikayət edir


Namizəd olmaq istəyənlərə imza verənlərə kim mane olur?
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Namizəd olmayan istəyənlərə imza verənlərə kim mane olur?

110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasının (DSK) Milli Məclisə seçkilərdə iştirak etmək istəyən Müsavat Partiyasının üzvü Saleh Soltanova imza vərəqələri vermədiyi bildirilir.

S.Soltanov dünən, yanvarın 9-da AzadlıqRadiosuna bildirib ki, imzatoplama kampaniyasının bitməsinə cəmi bir gün qalmasına baxmayaraq, hələ də DSK-dən imza vərəqələri ala bilmir: «Gəlirəm, vermirlər. Komissiyanın sədri Fikrət Mustafayev istədiyini edir, heç kəsi nəzərə almır. Mərkəzi Seçki Komissiyasına şikayətlərimizin də nəticəsi yoxdur. O, yalnız icra başçısının sözünü nəzərə alır. Məqsəd məni seçkilərdən kənarda qoymaqdır».

Həmin seçki dairəsindən digər deputatlığa iddiaçı Nurlana Cəlil də DSK və rayon icra hakimiyyətindən şikayətçidir. N.Cəlilin sözlərinə görə, yanvarın 7-də namizədliyinin irəli sürülməsi təsdiqləndikdən və 10 ədəd imza vərəqəsini aldıqdan sonra ona təzyiqlər başlayıb: «Bəhmətli kəndində məktəb, bağça, işçiləri, sahibkar və fermerlər mənə imza verilməsinə görə hədələnib. Üstəgəl, imza toplamaqda kömək edən əmim təzyiqlə üzləşib…».

«İmza vərəqələri yoxdur…»

N.Cəlil də dünən, yanvarın 9-da vurğulayıb ki, imzatoplama prosesində vərəqi korlandığına görə DSK-ya əlavə imza vərəqəsinin verilməsi ilə bağlı müraciət edib: «DSK sədri yerində yox idi və əməkdaşların çox saylı zənglərinə anlamsız cavablar verirdi. Hadisəni Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xəttinə bildirdim. Bundan az sonra DSK sədri mənə zəng edərək 15-20 dəqiqə içində yerində olacağını dedi. Gəlmədi. Üstündən 1 saat keçdikdən sonra yenidən zəng edərək «İmza vərəqələri yoxdur. Sabah 17.00 da olacaq» deyərək bu günə, yanvarın 9-na ertələdi. Təkrar MSK-ya zəng edərək şikayət etdim. Oradan məsələnin həll edəcəyini və ən gec bu gün, yanvarın 9-da saat 10.00-da 1 ədəd imza vərəqəsi ilə təmin olunacağımı dedilər. Səhər 10.00 DSK-da idim. 12.00-yə qədər gözlədim və mənə yenə 17.00-da gəlin deyildi. Yenə eyni qayda ilə MSK -ya dedim. Oradan yenə bununla maraqlanıb, mənə xəbər verəcəyini bildirdilər…».

Məsələ ilə bağlı 110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasından «Turan» agentliyinə deyilib ki, sədr yerində yoxdur və o, olmadan heç bir suala cavab verə bilməzlər.

MSK-dan cavab

Mərkəzi Seçki Komissiyasından (MSK) isə bu gün, yanvarın 10-da səhər saatlarında agentliyə bildirilib ki, S.Soltanov namizədliyini gec irəli sürdüyündən imza vərəqələrin verilməsi yubanıb: «Müəyyən prosedurlar və müddətlər var və onlara riayət etmək lazımdır. Sənədlər yoxlanmalıdır. Nurlana Cəlilə gəlincə, ona əlavə imza vərəqələr verilib».

Şikayətlərə Zaqatala Rayon İcra Hakimiyyətindən isə münasibət öyrənmək mümkün olmayıb. Amma, bir qayda olaraq, bu vaxta qədər icra hakimiyyətləri seçkilərə müdaxilə etmələri ilə bağlı iddiaları yalanlayıblar.

Hazırda növbədənkənar parlament seçkilərində qeydiyyat mərhələsidir. Bu gün, yanvarın 10-u saat 18-də namizədlərin imza vərəqələrini dairə seçki komissiyalarına təqdim etmə müddəti başa çatacaq. Daha bir həftə qeydiyyat mərhələsi davam edəcək.

Təşviqat mərhələsi yanvarın 17-də başlanır, fevralın 8-i saat 8:00-da isə dayandırılmalıdır.

Xatırlatma

Ötən ilin noyabrında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının tövsiyəsi ilə bu partiyadan olan deputatlar ölkə rəhbərliyinə parlamentin buraxılması barədə müraciət göndəriblər. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident də öz növbəsində seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG