Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:22

Bəzi dövlət qurumlarının işçiləri məzuniyyətə göndərilir


Bəzi dövlət qurumlarının əməkdaşları bir aylıq məzuniyyətə göndərilir.

Bu barədə bugün, martın 20-də Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Qurum qeyd edib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün daha əlverişli şərtlər formalaşdırılır:

“Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub”.

Qurum bununla belə, vurğulayıb ki, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır:

“Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var. Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub”.

Qərargah əlavə edib ki, qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri iş günləridir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

XS
SM
MD
LG