Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Bəxtiyar Hacıyev polisdə izahat yazıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev bugün, iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Onun idarədə 5 saatdan çox olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

Bəxtiyar Hacıyev deyib ki, o BŞBPİ-yə deputat Fazil Mustafanın şikayəti əsasında çağırılıb:

"Fazil Mustafa şikayətində bildirib ki, mən onu təhqir etmişəm, böhtan atmışam. Ən maraqlısı isə odur ki, o şikayət edib ki, mən onu adam olmağa dəvət etmişəm. O bunu təhdid olaraq qəbul edib və buna görə də şikayət verib".

Fəal hesab edir ki, Fazil Mustafanın şikayəti tamamilə əsassızdır:

“Deputat toxunulmazlığına güvənərək…”

"Bu günə qədər Fazil Mustafa fərqli-fərqli insanlara qarşı təhqirdən, nalayiq ifadələrdən istifadə edirdi. Bu zaman o bunu deputat toxunulmazlığına güvənərək edirdi və vətəndaşlar ona reaksiya vermirdilər. Amma madam ki, o şikayət edib, mən də müxtəlif qurumlara müraciət etmişəm, bundan sonra da müraciət edəcəm".

Bəxtiyar Hacıyev qeyd edib ki, BŞBPİ-də şifahi söhbət olub və bundan əlavə ondan izahat alınıb:

"Geniş izahat yazdım və sonra sərbəst buraxıldım. Araşdırma davam edir".

This image contains sensitive content which some people may find offensive or disturbing.
Fazil Mustafa
Fazil Mustafa

Məsələ ilə bağlı deputat Fazil Mustafa isə “Turan” agentliyinə bildirib ki, Bəxtiyar Hacıyev onu təhqir edib və o, hüquq mühafizə orqanlarına müraciət edib:

"Bəxtiyar Hacıyev bir məsələ üstündə mənə telefon açaraq təhqir etdi, sonra isə "messengerdə" mənə yazaraq təhqirə yol verdi. Mən də Facebook üzərindən müraciət etmişəm Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə ki, bu cür tərbiyəsiz mesajlarla bizə müraciət edilib. Yəni, telefon onun tərəfindən açılıb və bizi bu formada təhqir edib. Ona görə də müraciət olunub".

Fazil Mustafa qeyd edib ki, hüquq mühafizə orqanları Bəxtiyar Hacıyevin hərəkətlərinə hüquqi qiymət verməlidir:

“Hüquqi yolla həll etməyə çalışırıq”

"Mən hüquqi tədbirlərin görülməsinin tərəfdarıyam. Çünki Azərbaycanda müəyyən dərəcədə bu qaragüruhçu düşüncəyə təslim olmuş insanların hamısı bildirirlər ki, deputat onu təhqir edənlərə qarşı kobud ifadə işlətməməlidir. Kobud ifadə işlətməyəndən sonra nə etməliyik? Hüquqi yol qalırsa, hüquqi yolla həll etməyə çalışırıq. Yenə də insanlar başlayırlar ki, niyə hüquqi yolla çözməyə çalışırsınız? Biz onda nə etməliyik? Hansı yol var? Başqa bir yol varmı? Ona görə də yolu ancaq budur. Araşdırarlar, Azərbaycanda hüquqi dövlət var və bütün məsələlərə hüquq prizmasından yanaşılacaq".

Bütün bu deyilənlərə, Daxili İşlər Nazirliyindən isə münasibət almaq, hələlik, mümkün olmayıb.

Xatırlatma

Azərbaycan polisi iyunun 7-si Yasamal rayonunda bir şəxsi karantin qaydalarının ( koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin elan edilib) pozulmasında günahlandıraraq saxlamışdı.

Həmin vaxt saxlanan şəxsin yaşadığı binanın bəzi sakinləri polisə əşyalar atmışdı.İyunun 8-də polis əməliyyat keçirib həmin binada 11 nəfəri saxlamışdı ( sonradan onlardan biri buraxıldı).

Səhər saat 7 radələrində keçirilən əməliyyatla bağlı yayılan video görüntülərə görə, saxlananlardan bəzisi yarıçılpaq vəziyyətdə aparılıb.Həmin məsəllər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuşdu.

Onda Bəxtiyar Hacıyev və Fazil Mustafa fərqli mövqeylər ifadə etmişdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG