Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:59

'Bələdiyyə seçkiləri çox da yada düşmür'


Seçki plakatı
Seçki plakatı

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bununla yanaşı, ölkədə parlamentin buraxılacağı və Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi də gözlənir.

Hələ bundan öncə müşahidəçilər bələdiyyə seçkilərinə marağın az olmasından şikayətlənirdilər. Bəs növbədənkənar parlament seçkiləri gözləntiləri də bələdiyyə seçkilərinə marağı azalda bilərmi? Onun ikinci plana keçmək ehtimalı yoxdur ki?

A.Qurbanov
A.Qurbanov

«Təqvim məcburiyyəti»

Seçki məsələləri üzrə ekspert Akif Qurbanov da AzadlıqRadiosuna deyib ki, əslində bələdiyyə seçkilərinə əvvəldən təqvim prosesi kimi yanaşılıb. Onun fikrincə, uzun müddətdir ki, hakimiyyət bütünlükdə seçkiləri bir təqvim prosesi halına salmağa çalışır, son illərdə bu aydın görünür: «Bu seçkilərə daha çox «təqvim məcburiyyəti» kimi baxılır. Bu il də seçkilərə eyni qayda ilə yanaşılıb. Seçkilərə marağın arta bilməsi üçün bələdiyyələrin statusları yüksəldilmədi. İctimai düşüncədə faktiki seçkilərin keçirilmədiyi, bələdiyyə üzvlərini xalqın yox, icra hakimiyyətlərinin təyin etdiyi fikri birmənalı olaraq hökm sürür».

A.Qurbanov əlavə edib ki, üstəlik, indi parlament seçkiləri gözləntiləri yaranıb, bələdiyyə seçkiləri çox da yada düşmür və onların necə seçiləcəyi çoxlarını düşündürmür.

Yeri gəlmişkən, bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bələdiyyə seçkilərində namizədlərin bəziləri formal şəkildə irəli sürülüb. Onların iddiasına görə, bunda məqsəd seçkilərdə rəqabətin olması ilə bağlı görüntü yaratmaqdır.

«Məndə olan məlumata görə,...»

A.Qurbanov həmin iddialarla bağlı isə bunları deyib: «Məndə olan məlumata görə, hətta adamlar var ki, namizədlikləri irəli sürülüb. amma özlərini bundan xəbəri olmayıb...».

M.Zülfüqarlı
M.Zülfüqarlı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da deyir ki, parlament və prezident seçkilərinə nisbətən bələdiyyə seçkilərinə maraq azdır: «Bu da bələdiyyələrin nüfuzundan irəli gəlir. Bələdiyyələr istənilən səviyyədə ola bilmədilər. Bunun da müxtəlif səbəbləri var».

Amma M.Zülfüqarlı hesab edir ki, əksinə, parlament seçkiləri gözləntiləri bu seçkilərə də marağı artıra, prosesi sürətləndirə bilər.

O əlavə edib ki, təşviqat mərhələsi başlanıb, Bakıda daha çox hakim Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin plakatları diqqəti cəlb edir.

M.Zülfüqarlı daha sonra da bunları deyib: «Adətən seçkilərdə partiyalar iştirak etməlidir, partiyaların fəaliyyəti seçkiyə də təsir göstərir. Azərbaycanda 55 siyasi partiya var, amma ondan cəmi 7-8-i fəaldır və bu da seçkilərə öz təsirini göstərir».

Azərbaycanın bəzi müxalif partiyalar bələdiyyə seçkilərində iştirak etmirlər. Onlar bunu ölkədə azad və ədalətli seçkilərdən ötrü şəraitin olmaması ilə izah ediblər. Amma həm rəsmilər, həm də Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi, bir qayda olaraq, ölkədə bütün seçkilərin azad və ədalətli şəkildə keçirildiyini vurğulayırlar.

Azərbaycanın yerli icra hakimiyyəti orqanları da bələdiyyə seçkilərinə onların müdaxilə etməsi ilə bağlı iddiaları qəbul etmir, belə fikirləri böhtan sayırlar.

Xatırlatma

Bu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. MSK mətbuat xidmətindən verilən məlumata görə, öz namizədləri ilə seçkilərə qatılmaq niyyətində olan 13 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Ümumilikdə bələdiyyə üzvü olmaq istəyənlərdən isə 41 min 872 nəfər qeydiyyata götürülüb. Azərbaycanda 16 min nəfərə yaxın bələdiyyə üzvü var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG