İyunun 19-da Neftçala rayonu Xol Qaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı Bakıda Daxili İşlər Nazirliyin qarşısında təkadamlıq aksiya keçirib.
V.Nağı qeyd edib ki, Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovla bağlı 60-a yaxın şikayət məktubu yazsa da, barəsində heç bir tədbir görülmür:
"Maliyyə hesabatını tələb etdiyimə görə…"
"Bələdiyyədə korrupsiya faktları mövcuddur, lakin o faktlar araşdırılmır. Mən maliyyə hesabatını tələb etdiyimə görə kənddə mənə qarşı şantaj başladılar, şəkillərimi hər yerə yapışdırdılar".
Hadisə yerinə gəlmiş polis əməkdaşları V.Nağını saxlayaraq polis maşınına mindiriblər.
Daha sonra o, sərbəst buraxılıb. V.Nağı AzadlıqRadiosuna bildirib ki, polis əməkdaşları onu metronun "20 Yanvar" stansiyasının yanında buraxıblar.
O, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarına bələdiyyə sədri ilə bağlı faktları təqdim etsə də, məsələ lazımı səviyyədə araşdırılmır:
"Araşdırma formal aparılır"
"Düzdür, Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovu bu yaxınlarda Neftçala Rayon Polis Şöbəsinə və Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıblar, amma bir nəticə yoxdur. Araşdırma formal aparılır".
V.Nağı əlavə edib ki, o, korrupsiya faktları ilə bağlı dövlət strukturlarına müraciət etdiyinə görə kənddə mənəvi təzyiqlərə məruz qalıb: "Şəkillərimi çap ediblər, məni biabır etməyə çalışırlar".
Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov isə ittihamlarla razılaşmır. O, "Turan" agentliyinə bildirib ki, bələdiyyə üzvü V.Nağıya qarşı heç bir qanunsuzluğa yol verməyib:
"…deyir ki, qadın-kişi bərabərliyi, sosial bərabərlik olmalıdır"
"Vəfa xanım özü şantajla məşğuldur. Kənd həyatı başqa şeydir. Oturur pivəxanada, qadınları pivəxanaya çağırır, deyir ki, qadın-kişi bərabərliyi, sosial bərabərlik olmalıdır. Vəfa xanım deyir ki, qadınlar gəlsin pivəxanaya. Camaat özü hiddətlənib, yığıncaq edib tələb edir ki, bu söhbətlərə son qoyulsun. Burada Əlibala Səlimovun günahı yoxdur. Mən bu sözlərə görə camaatı kampaniyaya çağırmaram. Özü də qadına qarşı bunu etmək mənə yaraşmaz. Camaat özü onunla mübarizəyə başlayıb".
Ə.Səlimov əlavə edib ki, ona qarşı korrupsiya ilə bağlı ittihamlar əsassızdır:
"Mən mühasibə hesabatını təqdim etməyi tapşırdım"
"Vəfa Nağı mənə məktub yazaraq şifahi və ya yazılı surətdə 2019-cu ilin maliyyə hesabatını ona təqdim etməyimi istəmişdi. Baxmayaraq ki, həmin dövrdə xanım bələdiyyə üzvü deyildi. (Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 22-də keçirilib - red.) biz bələdiyyə üzvləri ilə məsləhətləşdik və mən mühasibə hesabatını təqdim etməyi tapşırdım. Mühasib şifahi olaraq onun üçün 2019-cu ilin maliyyə proseslərinin hamısına aydınlıq gətirdi - nə qədər vəsait daxil olub, nə qədər və nəyə xərclənib? Narazılığını bildirmədi. Sonra mühasibdən sənəd istədi, mühasib isə imtina etdi. Çünki Vəfa Nağı o dövrdə bələdiyyə üzvü deyildi və bu sənədi bizdən istəməyə hüququ yoxdur".
"İşlərimiz düz, səhvsiz çıxdı"
Ə.Səlimov vurğulayıb ki, bələdiyyənin fəaliyyəti ilə bağlı araşdırma aparılıb: "V.Nağının rəhbərliyi altında müxtəlif instansiyalara, yəni, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, cənab prezidentə 38 məktub yazılıb. Bu məktublar əsasında yoxlama aparılıb və işlərimiz düz, səhvsiz çıxdı. Vəfa Nağı bizə böhtan atır və açıq deyir ki, bələdiyyə sədri olmaq istəyir. Mən də 45 ildir kənd təsərrüfatında çalışmışam, zəhmət çəkmişəm, məktəblər tikmişəm, yol çəkmişəm, park saldırmışam, oxuyanlara pul köçürmüşük. İndi isə Vəfa Nağı deyir ki, mən bələdiyyə sədri olmaq istəyirəm. Hər şey sivil qaydada olmalıdır. Dekabr ayında seçkilərdə o 100 səs topladı, camaat mənə isə 250-dən çox səs verdi. Canlı yayım oldu və bütün dünya baxdı bizim seçkilərə. Orada heç bir saxtakarlıq olmayıb. Mənim komandam qələbə çaldı. Camaat Vəfa Nağını dəstəkləmir".
Məsələyə Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan və Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.