Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

BŞİH-in sabiq aparat rəhbəri dindirildi


Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti

2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləmiş Rasim Quliyev yanvarın 14-də məhkəmə önündə cavab verib. O, Nərimanov rayonu, Faiq Yusifov küçəsi-196 ünvanında gözdən əlillər üçün inşa olunan binadan ev almaq vədiylə adamların aldadılıb, pullarının mənimsənilməsi işi üzrə dindirilib. R.Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində ifadə verib.

Bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev. Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların 177 nəfərə ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.

Hazırda işsiz olduğunu deyən R.Quliyev məhkəmədə bildirib ki, 2018-ci ildə BŞİH-də struktur dəyişikliyindən sonra vəzifədən çıxarılıb. Çalışdığı dövrdə vəzifəsi strukturlara, şöbələrə nəzarət etmək, işləri əlaqələndirmək, göndərilən məktubları cavablandırmaq olub.

Sabiq məmur bildirib ki, Nərimanov rayonunda gözdən əlillər üçün tikilən binada mənzil qalmaqalından birinci dəfə mətbuatdan xəbər tutub: «O zaman paralel olaraq bizə də şikayətlər daxil oldu. Həmin şikayətlərlə əlaqədar biz aidiyyəti üzrə cavablar verdik. İcra hakimiyyətlərinin verdiyi sərəncama biz münasibət bildirmirdik. Bizə məktubla bu barədə məlumat daxil olurdu. Həmin vaxt Nərimanov Rayon İcra Hakimiyyətindən də bizə məktub gəlmişdi. Orada yazılmışdı ki, siyahıda adı olan şəxslər mənzil növbəsinə alınır. Biz də həmin məktuba cavab yolladıq ki, biz buna etiraz etmirik».

Gözdən əlillər üçün inşa olunan bina
Gözdən əlillər üçün inşa olunan bina

«Hamı məsuliyyəti üzərindən atır»

Keçmiş aparat rəhbəri deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında tikinti ilə bağlı heç bir fond yoxdur: «Konkret olaraq, hazırda icra hakimiyyəti bina tikmir. Sadəcə, sovet dövründən qalma strukturda mənzil şöbəsi var. O vaxt bununla bağlı bizə şikayətlər daxil olurdu, qəbula gəlirdilər. Biz də onlara izah edirdik ki, bu, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələ deyil».

Binada ev sahibi olmaq məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətində növbəyə götürülməkdən ötrü pul verib aldadıldığını iddia edən 177 nəfər zərərçəkmiş qismində tanınmayıb. İstintaq belə nəticəyə gəlib ki, bu şəxslər ev almaq məqsədilə rüşvət verdiklərinə görə zərərçəkmiş yox, şahid qismində tanına bilərlər. Bu şahidlər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov dindiriləndə olduğu kimi, R.Quliyevin də ifadəsindən narazı qalıblar. Deyiblər ki, Bakı Şəhər İcra Hakimiyyəti üst qurum kimi, nəzarət etmək səlahiyyəti vardı: «Bu gün hamı məsuliyyəti üzərindən atır».

Təqsirləndirilən şəxslər də ittihamları qəbul etmir. Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Y.Şıxəliyev bildirib ki, bu məsələdə onun işi sənədləri aparıb-gətirməkdən ibarət olub: «Düzdür, mənə göstərişləri Firdovsi müəllim (hazırda hüquq şöbəsinin müdiri olan Firdovsi Calalovu nəzərdə tutur-red.) verirdi. Amma o da deyirdi ki, rəhbərliyin göstərişidir».

Təqsirləndirilən şəxslərdən Gözdən Əlillər Cəmiyyətinin sədri S.Abdullayev deyir ki, adamlardan alınan pullar ona yox, hazırda Almaniyada yaşayan Məzahir Nəsirova çatıb: «Bunu məhkəmədə ifadə verən zərərçəkmiş şəxslər də təsdiq edir. İndiyədək 40-a yaxın şəxs ifadə verib və pulların Məzahirə çatdığını bildiriblər. Heç kim mənə pul verildiyini təsdiqləyə bilməz. Bu baxımdan mən özümü təqsirli bilmirəm».

M.Nəsirov mənzil sahibi olmaq istəyən vətəndaşlarla cəmiyyət və icra hakimiyyəti arasında vasitəçi olub, pulun da əksəriyyəti onun vasitəsilə verilib. Onun İnterpol xətti ilə axtarışa verildiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG