Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Bütün dövrlərin ən təsirli filmləri


«Oz ölkəsinin sehrbazı» filmi. 1939
«Oz ölkəsinin sehrbazı» filmi. 1939

Kassa rəqəmləri çox mühüm olsa da, filmin uğurunun yeganə göstəricisi deyil. Filmin təsir gücünü anlamağa kömək edən çoxlu amillər var.

İtaliyanın Turin Universitetinin tədqiqatçıları filmlərin IMDb saytında performansını təhlil edərək onları incəsənətə, digər filmlərə və ümumiyyətlə, bizi əhatə edən dünyaya təsirlərinə görə sıralayıblar. Siyahıda 20 film var.

Onlardan biri 1905-ci ildə Rusiyada çəkilmiş səssiz «Potyomkin zirehli gəmisi» filmidir. Film 1905-ci il inqilabı zamanı rus dənizçilərinin qiyamı haqdadır. 2012-ci ildə Britaniya Kino İnstitutu onu tarixin ən yaxşı filmlərindən biri adlandırıb.

«Küləklə sovrulanlar» 1939-cu ildə ekranlara çıxanda tarixdə ən bahalı və ən uzun film idi. O, insanların rəngli bədii film haqda təsəvvürlərini birdəfəlik dəyişib.

Soyuq müharibəyə lağ edən film

Stenli Kubrikin «Doktor Streynclav» adlı satirik filmi Soyuq müharibəni məsxərəyə qoyurdu. «New York Post»a görə, filmin təsir gücü o qədər böyük olub ki, ABŞ raketlərinə şifrəli düymələr yerləşdirilib ki, reallıqda nüvə silahı ilə filmdə təsvir olunan vəziyyət yaranmasın.

Martin Skorsezeyə görə, 1914-cü ildə İtaliyanın Turin şəhərində çəkilmiş «Kabiriya» səssiz olsa da, epik film anlayışının əsasını qoyub.

Con Ueynin iştirakı ilə çəkilmiş və 1956-cı ildə ekranlara çıxmış «Axtaranlar» vestern janrının assosiasiya olunduğu filmlərdəndir. «The Washington Post»a görə, bu film Corc Lukas, Stiven Spilberq və Martin Skorseze kimi rejissorlara təsir edib.

1922-ci ildə çəkilmiş «Nosferatu» da ən böyük təsir gücünə malik filmlərdəndir. Onunla həm də qorxu filmlərinin yalnız vampirlər haqda olan subjanrının əsası qoyulub.

Stiven Spilberqin 1975-ci ilin yayında ekranlara çıxmış «Çənələr» filmi yay blokbasterləri ideyasının əsasını qoyub.

«Xaç atası» filmi isə özü-özlüyündə yeni bir janrdır. Siz bu filmi heç vaxt görməmisinizsə belə, güman ki, ondan gətirilən sitatları dərhal tanıya bilirsiniz. 40 il öncə çəkilmiş film başdan-ayağa mütəşəkkil cinayətkarlığa həsr olunmuş film və televiziya proqramlarının əsasını qoyub. Bu janr bu gün də populyardır.

«Frankenşteyn»lə eyni ildə ekranlara çıxan «Drakula» filmi qorxu janrına öz töhfəsini verib – kinoda fövqəltəbii mövzuların (vampirlər və s.) əsasını qoyub.

İnqilabi effektlər

1942-ci ildə Hamfri Boqart və İnqrid Berqmanın iştirakı ilə çəkilmiş «Kasablanka» klassik romantik filmi bir çoxları tərəfindən tarixin ən yaxşı filmlərindən biri hesab olunur. Əsər ekranlara çıxandan bəri populyar mədəniyyətdə ona o qədər müraciət olunub ki, hələ qarşıdan gələn illərdə də onun öz təsirini qoruyub saxlayacağı gözlənilir.

«Ağca və yeddi çırtdan» animasiya filmi «Disney»i brendə çevirib. 1937-ci ildə film ekranlara çıxanda «Walt Disney»in özü hələ şirkətinin gələcəkdə nəyə çevriləcəyini təsəvvürünə gətirə bilmirdi. Bu, həm də bədii film uzunluğunda olan ilk animasiya əsəri idi. Yəni, bu film olmasaydı, müasir kinonun mənzərəsi xeyli fərqli olacaqdı.

Doktor Frankenşteyn hələ də populyar mədəniyyətdə ən çox tanınan personajlardan biridir. Ancaq 1931-ci ildə ekranlara çıxmış «Frankenşteyn» filmi bu personajın canlandırıldığı əsərlərin başında gəlir. Mütəxəssislər filmdə istifadə olunan qrim və xüsusi effektlərin öz zamanına görə inqilabi olduğunu deyirlər. Bu baxımdan, özündən sonra gələn qorxu filmlərinə öz təsirini göstərə bilib.

NPR (Milli İctimai Radio-ABŞ) 1915-ci ildə işıq üzü görmüş «Millətin doğulması» filmini «üç saatlıq irqçilik təbliğatı» adlandırıb. Elə ilk dəfə ekranlarda görünənsə də, insanların qəzəbinə səbəb olmuşdu. Kassa uğuruna baxmayaraq, bir çox şəhərlər ekranlara çıxarmazdan öncə filmin redaktə olunmasını tələb etmişdi. Bir çoxları isə onu ümumiyyətlə, qadağan etmişdi.

Kino təhsili alanlar bilir ki, dərslərdə ilk müzakirə olunanlardan biri 1941-ci ildə çəkilmiş «Vətəndaş Keyn» filmidir. 2007-ci ildə Amerika Kino İnstitutu onu tarixin ən yaxşı filmləri siyahısına daxil edib.

«Metropolis», «Kinq-Konq»

Alman kinematoqrafçılarının 1927-ci ildə fantastika janrında çəkdiyi «Metropolis» filmi ekranlara çıxdığı il o zamana qədər çəkilmiş ən bahalı bədii film idi. Bu əsər həm də özünəməxsus xüsusi effektlərlə tanınır.

Stenli Kubrikin 50 il öncə çəkdiyi «2001: Kosmik Odissey» filmi özündən sonra daha çox fantastik filmlərin, o cümlədən «Ulduz müharibələri»nin çəkilməsinə yol açıb. Film kinematoqrafçıların xüsusi və vizual effektlərlə bağlı təsəvvürlərini dəyişib.

Kinq-Konq mövzusuna dəfələrlə müraciət olunsa da, filmin 1933-cü ildə çəkilmiş versiyası öz zəmanəsinə görə qabaqcıl xüsusi effektləri və populyar mədəniyyətdə bu günə qədər xüsusi yeri olan personajla tanınır.

Alfred Hiçkokun 1960-cı ildə çəkdiyi «Psixo» qorxu filmindəki duş səhnəsi hətta onun necə çəkildiyi haqda sənədli filmin hazırlanmasına yol açıb. Həmin sənədli film «78/52» adlanır.

Siyahıda yer almış «Ulduz müharibələri» 1977-ci ildə çəkilib. Film həm çox milyonluq frençayza, həm də Mark Hemill, Kerri Fişer və Harrison Ford kimi aktyorların uğurlu karyerasına yol açıb.

1939-cu ildə çəkilmiş «Oz ölkəsinin sehrbazı» filmi isə birinci sıraya yerləşdirilib. Filmdə Cudi Qarlendin oynadığı Dorotinin dünyasının ağ-qaradan rəngliyə çevrilməsi kinematoqrafda bu texnikadan istifadənin ilk nümunələrindən biri sayılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG