Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Büdcə layihəsində artan və azalan xərclər...


Kalkulyator
Kalkulyator

Maliyyə Nazirliyi 2019-cu ilin büdcə layihəsinin mətnini öz saytından təqdim edib.

Layihədə bəzi funksional istiqamətlər üzrə xərclər artıb, bəzilərində isə azalıb.

Hansı xərclər artıb

2019-cu ilin büdcə layihəsində ən böyük artım səhiyyə xərclərində nəzərə çarpır. Bu ilin büdcəsində bu xərclər 739.4 milyon manat proqnozlaşdırılmışdı. Ancaq gələn ilin büdcə layihəsində səhiyyə xərcləri 1 milyard 48.3 milyon manat proqnozlaşdırılır. Artım 41.8 faiz təşkil edir.

Hökumət dövlətin daxili və xarici borclarının ödənilməsi xərclərini də artırır. Bu ilin büdcəsində həmin xərclərin proqnozu 2 milyard 262.8 milyon manat idi. Həmin xərclər gələn ilə aid layihədə 2 milyard 334.8 milyon manatadək artırılır.

Hüquq-mühafizə qurumları…

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarıprokurorluq qurumları da, layihə qəbul olunsa, gələn il büdcə vəsaitlərindən builkindən daha çox pay alacaq. 2018-ci ilin büdcəsində bu istiqamətə 1 milyard 384.2 milyon manat ayrılmışdısa, mövcud layihədə daha çox – 1 milyard 552 milyon manat nəzərdə tutulur.

Elm xərclərində də artım var. Bu istiqamətə 133.5 milyon manatın ayrılması proqnozlaşdırılır. Bu məbləğ ötən ildəkindən 4.2 faiz çoxdur.

Müdafiə xərclərindəki artım 4.6 faiz təşkil edir. Bu il həmin məbləğ 2 milyard 905.2 milyon manat idisə, növbəti ildə müdafiəyə 3 milyard 37.6 milyon manatın ayrılması gözlənir.

Təhsil xərclərindəki artımsa 11.3 faiz olacaq. Növbəti il üzrə bu xərclər 2 milyard 274.6 milyon manat proqnozlaşdırılıb.

Sosial müdafiə və təminat xərcləri 2 milyard 553.4 milyon manat proqnozlaşdırılıb ki, bu məbləğ də 2018-ci ildəkindən 9 faiz artıqdır.

Hansı xərclər azaldılır

Büdcədə bəzi funksional istiqamətlər üzrə xərclər azaldılır.

Ən iri azalma «İqtisadi fəaliyyətlə bağlı sair xərclər» bölməsində nəzərə çarpır. 2018-ci ilin büdcəsində həmin istiqamətə 1 milyard 390 milyon manat ayrılmışdı. Bu məbləğ 298 milyon manata qədər azaldılır. Azalma 78 faizdən artıqdır.

Hökumətin mənzil və kommunal təsərrüfatı istiqamətinə xərcləri də əvvəlki ildəkindən 21.4 faiz az olacaq.

Yanacaq və enerji xərcləri proqnozundakı azalma isə daha çoxdur – 56.7 faiz...

Xatırlatma

2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini Nazirlər Kabineti (NK) sentyabrın ortalarında məqbul hesab etmişdi. Büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilmişdi.

Büdcə layihəsi artıq Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Büdcədə neftin bir barreli 60 dollar götürülüb.

2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20.127 milyard manat, xərcləri isə 21.047 milyard manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan bu il iyunun 29-də büdcəyə dəyişiklik edildi. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 milyard, xərcləri isə 23.061 milyard manata çatdırıldı.

XS
SM
MD
LG