Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:35

Böyrəyini satan ata: ‘Dərmanlara pul tapa bilmirdim’


Samux sakini Sarvan Məmmədov xəstə övladının müalicəsindən ötrü böyrəyini satdığını deyir. O, bu barədə həm prokurorluqda, həm də məhkəmədə ifadə verib.

Sarvan Məmmədov böyrək alverində - adamları öz orqanlarını satmağa məcbur etməkdə suçlanaraq həbs olunan Vahib Xudadatovun işindəki 27 zərərçəkəndən biridir. Ancaq özü deyir ki, onu heç kim, o cümlədən də Vahid Xudadatov məcbur etməyib. Pula ehtiyacı olduğundan böyrəyini könüllü şəkildə satıb, özü bu barədə elan verib.

Ehtiyacları barədə danışan Sarvan Məmmədov bildirir ki, 4 yaşlı qızı talassemiya xəstəliyindən əziyyət çəkir:

"Onun xəstəliyinin müalicəsi üçün bahalı dərmanlar lazımdır. Pul tapa bilmirdim..."

Sarvan Məmmədov özü də talassemiya daşıyıcısı olduğuna görə 2012-ci ildən ona ikinci qrup əlillik verilib.

“Bakıdan təxminən 14 nəfər gəlib”

Böyrəyini satması barədə elandan sonra Vahib Xudadatovla tanış olub, 10 minə razılaşdıqlarını söyləyir. Sarvan Məmmədov deyir ki, əvvəldən Vahibə talassemiya daşıyıcısı və əlil olduğunu gizlətməyib. Ancaq Vahib onu Bakıdakı özəl klinikalardan birinə aparıb və oradan qanının təmiz olması barədə analiz cavabı alınıb.

Həmin klinikada müayinəni bu cinayət işindəki bütün böyrək köçürmələri əməliyyatlarını icra etmiş iranlı həkim Mohsen Tahiri aparıb.

Sarvan deyir ki, indi təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında dayanan Vahibi həkimin köməkçisi kimi tanıyıb.

Onun böyrəyi Şahmar Əsədov adlı şəxsə köçürülüb. Əməliyyatdan öncə hər ikisi İrana gedib, orada Mohsen Tahiri onları təkrar müayinə edib, köçürmənin mümkünlüyünə qərar verilib.

Bundan sonra Bakıya geri qayıdıblar ki, bir neçə gün sonra əməliyyat üçün Tacikistana getsinlər. Bakıda hava limanında olanda o da daxil, böyrək köçürməsi məqsədilə Düşənbəyə gedən altı nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Böyrəyini satanları həmin gün axşam, Vahib Xudadatov və iranlı həkim Mohsen Tahirini isə bir qədər sonra buraxıblar. Bu səbəbdən transplantasiya əməliyyatı altı ay sonra - 2017-ci ilin aprelində Düşənbədə baş tutub.

Zərərçəkən danışıb ki, ehtiyacı olduğuna görə əməliyyata qədər dolanışıq üçün Vahib Xudadatovdan hissə-hissə 6 min manat pul almışdı:

“Düşənbədə xəstəxanada olanda tibb bacısı dedi ki, transplantasiyaya görə Bakıdan təxminən 14 nəfər gəlib, Tahiri həkim əməliyyat edib".

Sarvan Məmmədov deyir ki, Bakıya qayıdandan sonra Vahib ona daha 1700 manat verib. Qalan 2 min 300 manatı verilmədiyinə görə o, polisə şikayət edib. Bundan sonra polisdə araşdırma zamanı Vahib Xudadatov qalan pulu ödəyib, bu barədə akt da tərtib olunub.

Böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Böyrək alverində ittiham edilərək məhkəmə qarşısına çıxarılan Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Onların hamısı böyrəyini satmış şəxslərdir.

Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə Vahib Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar "Lancet" in azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib.

Fərman Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Vahib Xudadatov özünü təqsirli bilmir və kimsəni öz orqanını satmağa məcbur etmədiyini deyir.

Məhkəmədə dindirilən zərərçəkmişlərin bir neçəsi də onları kimsənin məcbur etmədiyini, maddi ehtiyac üzündən böyrəklərini könüllü satdıqlarını bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG