Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:18

'Böyrək işi'ndə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Azərbaycanda 30-a yaxın adamın böyrəyinin alqı-satqısıyla bağlı yarım ildən çoxdur davam edən məhkəmə araşdırması yekunlaşıb. Bu işə görə bir neçə nəfər haqqında cinayət işi başlansa da, mühakimə olunan bir nəfərdir - taksi sürücüsü Vahib Xudadatov.

Dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 62 yaşlı V.Xudadatova hökm oxunub. Ona 5 il 6 ay həbs cəzası kəsilib. V.Xudadatov CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

Böyrəyini satan şəxslər bu işdə zərərçəkmiş statusunda tanınıb. Amma gəlib məhkəmədə deyiblər ki, onları nə V.Xudadatov, nə də başqası məcbur edib. Maddi ehtiyac üzündən könüllü şəkildə böyrəklərini satıblar. Zərərçəkmişlərin bir qismi bildirib ki, başqa çıxış yolu görmədiklərinə görə internetdə böyrəklərini satmaları barədə elan yerləşdiriblər.

Böyrəklərini satanlar da, onları alanlar da məhkəmədə V.Xudadatovdan şikayətçi olmadıqlarını söyləyiblər.

Hökm oxunmamışdan öncə V.Xudadatov özü də son sözündə deyib ki, heç kimi heç nəyə məcbur etməyib. O bildirib ki, böyrək alqı-satqısında iştirak etməyib. Böyrəyini satan donorlar öncə Bakıda müayinə edilib, əgər problem yoxdursa, daha sonra İranda müayinəyə aparılıb. Orada donorun böyrəyinin onu almaq istəyən şəxsə uyğun olub-olmaması yoxlanıb. Nəticə müsbət olanda əvvəllər Tbilisidə, 2016-cı ildən sonra isə Tacikistanda transplantasiya (orqan köçürməsi) həyata keçirilib.

V.Xudadatov deyir ki, donor və resipiyentlərin müayinələrə, əməliyyata aparılıb-gətirilməsində sürücü kimi iştirak edib, bunun müqabilində də pul alıb.

V.Xudadatovun azyaşlı qızı da uzun müddət böyrək xəstəsi olub, sonra yardım üçün telekanalların birinə çıxıb, pul toplanıb və böyrək köçürülüb. Deyir ki, xəstəxanaya gedib-gələndə böyrəyə ehtiyacı olanları tanıyıb. V.Xudadatov əksinə, insanlara kömək etdiyini bildirir.

Xatırlatma

V.Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə M.Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar «Lancet»in azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb. F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG