Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Böyrək alverinə görə polis rəisləri cəzalana bilər


Azərbaycanda 30-a yaxın böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir. Amma böyrəyini satmış və zərərçəkən qismində tanınan, həmçinin satılan böyrəklərin köçürüldüyü adamlar, onların yaxınları məhkəməyə gəlməkdən imtina edirlər. Onlara dəfələrlə məhkəmədən çağırış göndərilsə də gəlmirdilər deyə, məcburi gətirilmələri barədə qərar çıxarılmışdı.

Məhkəmə məcburi gətirilmə qərarı çıxardıqda onun icrası gəlməli şəxslərin yaşadıqları rayonların polis idarələrinə həvalə olunur.

Mayın 20-də məhkəmədə məlum olub ki, təxminən iki həftə öncə məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, yenə də zərərçəkən və şahidlər məhkəməyə gəlməyib.

Ona görə də böyrək alverilə bağlı cinayət işini araşdıran hakimlər kollegiyası bu dəfə məcburi gətirilmə qərarını icra etməyən polis idarələrinin rəisləri haqqında qərar verib.

Qərara əsasən, Daxili İşlər Nazirliyinə məktub göndəriləcək ki, həmin polis rəislərinə vəzifə öhdəlikləri izah olunsun.

Böyrək alverində suçlanaraq məhkəmə qarşısına çıxarılan Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Onların hamısı böyrəyini satmış şəxslərdir.

Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent – yəni böyrərə sahiblənən qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə Vahib Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar "Lancet" in azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb.

Fərman Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib.

Fərman Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Vahib Xudadatov özünü təqsirli bilmir və kimsəni öz orqanını satmağa məcbur etmədiyini deyir.

Məhkəmədə dindirilən zərərçəkmişlərin bir neçəsi də onları kimsənin məcbur etmədiyini, maddi ehtiyac üzündən böyrəklərini könüllü satdıqlarını bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG