2017-ci ildə su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarçısı hesab olunan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) gəlirləri 165,7 milyon manat təşkil edib. Gəlir ötən illə müqayisədə 3,6 faiz artıb.
“Turan” agentliyinin məlumatına görə, şirkətin konsolidasiya edilmiş maliyyə hesabatında belə yazılır.
Hesabata görə, gəlirlər artsa da şirkət ötən ili 508,3 milyon manat zərərlə başa vurub.
Əvvəlki illərdə durum necə olub?
“Azərsu” ASC-nin maliyyə durumu əvvəlki illərdə də bir elə gəlirli olmayıb. Şirkət 2016-cı ili də zərərlə başa vurmuşdu.
Qurumun həmin il üzrə hesabatına görə, şirkətin su satışı və kanalizasiya xidmətlərindən gəlirləri, əsasən, tariflərin yüksəldilməsi hesabına 20.8 milyon manat artmışdı.
Ancaq ümumilikdə ili “Azərsu” ASC-nin 613 milyon manata yaxın zərərlə başa vurduğu açıqlanmışdı. Bu məbləğin 543.2 milyon manatının əsas vəsaitlərin köhnəlməsi hesabına yarandığı bildirilirdi.
Xatırlatma
“Azərsu” ASC Azərbaycanda mərkəzləşdirilmiş qaydada içməli su təchizatı və kanalizasiya xidmətləri göstərən yeganə qurumdur.
Rəsmi məlumata görə, “Azərsu”ASC ölkə üzrə 1 milyon 413 min 661 abunəçini içməli su ilə təmin edir.