Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Dövlət şirkətləri dövlət büdcəsini 'yeyir'


Hüseyn Arabul Azərbaycanda elektrik qəzasını şərh edir
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

Hüseyn Arabul Azərbaycanda elektrik qəzasını şərh edir

Müəllim də, kitabxana işçisi də, bütün ölkə çalışanları vergi verirlər ki, “Azərenerji”nin bir transformatorunda qəza baş verəndə, ölkə zülmətə qərq olmasın.

Məsələ burasındadır ki, bir neçə iri dövlət şirkəti, o cümlədən, “Azərenerji” azı 10 ildir ki, dövlət büdcəsinin çiynindədir.

Dövlət büdcəsini təhlil edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi hesablayıb ki, keçən il büdcənin 30 faizi borcların ödənilməsinə xərclənib, bunun 20 faizə qədəri elə iri dövlət şirkətlərinin aldqları borcları qaytarmağa gedib.

Bu Mərkəzə görə dövlət büdcəsindən, böyük maliyə yardımı alan yalnız “Azərenerji” deyil, SOCAR, AzAL, Azərişıq, Azərkosmos, Beynəlxalq Bank kimi qurumlar da bu qəbildəndir. Mərkəzin rəhbəri Azər Mehdiyev AzadlıqRadiosuna bunları bildirib:

“İllər üzrə bu qurumlara daxilolmalar və bu qurumlara dövlət tərəfindən ayırmalar müqayisə olunarsa, açıq-aydın görünür ki, bu qurumlara ayırmalar daha çoxdur. Bu şirkətlərin fəaliyyətinin müasir tələblərə uyğun qurulmaması onları daha bədxərc formaya salır və “Azərenerji” ilə bağlı yaranan vəziyyəti də gördünüz. Böyük həcmlərdə bu quruma vəsait ayrılmasına baxmayaraq, şirkətin səmərəli fəaliyyəti görünmür”.

Büdcədən iri dövlət şirkətlərinə yardımlar, dotasiya, subsidiya, investisiya adı altında ayrılır. Azər Mehdiyev deyir ki, qanunda boşluq var, hələ də vəsaitlərin hansı şərtlərlə ayrılmalı olması, bu pulların sonrakı taleyinin izlənməsi mexanizmi aydın deyil.

Bəs beynəlxalq qurumların Azərbaycana bununla bağlı tövsiyəsi nədir?

Dünya Bankının Bakı ofisindən AzadlıqRadiosuna bildiriblər ki, qurum hazırda, hökumətlə əməkdşlıqda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı araşdırma aparır və onun nəticəsində tövsiyələrini hökumətə təqdim edəcək.

Hakimiyyət rəsmiləri ilə bu barədə danışmaq cəhdlərimiz alınmayıb, telefon zənglərimizə cavab verən olmayıb.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı isə deyir ki, hazırda dövlət müəssisələrinin əksəriyyəti bilərəkdən mənfəətlə işləmirlər:

“Azərbaycanda mövcud olan dövlət şirkətlərinin əsas məqsədi mənfəət deyil. Çünki bilirlər ki, mənfəət əldə etməyə başlasalar, dövlət deyəcək ki, bu investisiyaları özünüz həyata keçirin. Bu isə bir qədər çətindir, çünki investisiyalar daha çox vəsait tələb edir. Teatlardan tutmuş iri dövlət şirkətlərinə qədər hər kəs çalışır ki, mənfəət olmasın heç bir halda”.

Məsələn, iyulun əvvəlində qəza baş verən “Azərenerji”yə son 10 ildə 6 milyard dollara qədər vəsait ayrılmışdı.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi, təhlilçi Toğrul Maşallı deyir ki, bu il büdcəyə yenidən baxılarkən, “Azərenerji”yə əlavə 84 milyon manat da ayrıldı. Amma onun fikrincə, büdcə vəsaiti səmərəsiz xərclənib, hətta 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsində belə bildirilir ki, elektrik xətlərinin çox hissəsi hələ də köhnədir:

“Yol xəritəsindən görürük ki, elektrik xətlərinin 84-86 faizinin yaşı 30 ildən çoxdur. Bu günlərdə Şirvan elektrik stansiyasını bağladılar, çünki onun effektivliyi çox aşağı idi. Bu stansiya istilik enerjisinin 10 faizini özünə sərf edirdi. Halbuki, Avropada bu göstərici iki faizdir. Azərbaycan üçün isə orta göstərici 3,5 faizdir”.

Toğrul Maşallı təklif edir ki, dövlət müəssisələridə aparılan auditin nəticələri ictimaiyyət üçün açıqlansın, bilinsin ki, ayrılan pullar hara xərclənib.

O, həm də borclu dövlət şirkətlərinin keçirdikləri tenderlərə diqqət çəkir. O qeyd edir ki, nədənsə, bu cür dövlət müəssisələrinin keçirdikləri tenderləri adətən eyni şirkətlər udur.

Təhlilçi, burda korrupsiya barədə düşünmək üçün əsasların olduğunu bildirir.

Azərenerji-nin mətbuat xidmətindən gün ərzində telefonlarımıza cavab verən olmadı. Bundan əvvəl, qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı AzadlıqRadiosuna bildirmişdi ki, detallar barədə, son qəza ilə bağlı araşdırma başa çatandan sonra danışacaqlar.

Prezident İlham Əliyev özü, qəza ilə bağlı, iyulun 4-də keçirdiyi müşavirədə, “Azərenerji”yə ayrılan dövlət vəsaitinin müqabilində işlək infrastrukturun qurulmadığını dilə gətirmişdi. Prezident, hadisədən sonra, dövlət büdcəsindən ayırmalar hesabına fəaliyyət göstərən Metropolitenin generatorlarının olmamasını da irad tutmuşdu.

İyulun 2-dən 3-ə keçən gecə, demək olar ki, bütün ölkə azı 3 saat elektriksiz qalmışdı, “Azərenerji” bunu bir transfomatorun, yüklənmə nəticəsində sıradan çıxması ilə izah etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG