Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

‘Azərenerji’ ASC: ‘Soyutma sistemlərinin sayını artıracağıq’


İyulun 3-də Bakıda elektrik enerjisinin verilməsi bərpa olunub
İyulun 3-də Bakıda elektrik enerjisinin verilməsi bərpa olunub

“Problem artıq geridə qalıb, biz pozitiv notlarla gələcəyə baxırıq. Gələcəkdə belə bir hadisənin baş verməməsi üçün müvafiq tədbirlər görülür. Operativ qrup bu işin dəqiq araşdırılması və tədbirlər görülməsi yönündə fəaliyyətini davam etdirir”, - “Azərenerji” ASC-nin mətbuat katibi Yəhya Babanlı iyulun 2-dən 3-nə keçən gecə baş verən qəzanın nəticələrinin aradan qaldırılması haqda danışarkən, saat 16-17 radələrində AzadlıqRadiosu-na belə söyləmişdi.

Amma axşam saat 18-də yenidən paytaxt qaranlığa büründü. Bakının müxtəlif yerlərində sakinlər yenidən saatlarla işıqsız, susuz qaldılar.

Təkrar “Azərenerji” ilə əlaqə yaradınca, səbəbi açıqlamadan, sadəcə, bunu söylədilər: “Az sonra işıqlar yanacaq”.

Halbuki cəmi bir neçə saat öncə Yəhya Babanlı “acınacaqlı vəziyyət”in “təxirəsalınmaz tədbirlər” nəticəsində geridə qaldığını deyir və fikrini belə tamamlayırdı: “Ölkə enerji sisteminin sütunu olan İstilik Elektrik Stansiyasının bir bloku qoşulub, ikinci blok isə start vəziyyətinə gətirilib”.

Növbəti günlərdə bu cür qəzalar təkrarlana bilərmi?

Bu suala cavab olaraq “Azərenerji”nin sözçüsü “əsla bu hal təkrarlanmayacaq” deyə əmin edərək bildirirdi:

“Enerji təhlükəsizliyi əvvəlki kimi qorunacaq, təmin olunacaq, o cümlədən gələcəkdə belə fors-major halların baş verməməsi üçün əlavə tədbirlər görüləcək”.

Söhbət hansı tədbirlərdən gedir? Yəhya Babanlının sözlərinə görə, soyutma sistemində dəyişiklik edilə bilər:

“Biz yarımstansiyada soyutma sistemini bir yox, bir neçə dənə edəcəyik. Düşünəcəyik ki, bu, son 120 ilin ölkəmizdə ən isti yayıdır. Bu yaya daha çox hazırlıqlı olmalıyıq və digər tədbirlər görüləcək”.

Yəhya Babanlı hadisəni “havanın kəskin istiləşməsi və bunun fonunda elektrik enerjisinə tələbatın birdən-birə 40 faiz artması” ilə izah edir: “Bu, bir az ekstremal vəziyyətdir ”.

Fizik: “Bəlkə də olardı”

Hadisə ilə bağlı dövlət komissiyası yaradılıb. Komissiyaya Milli Elmlər Akademyası Fizika İnstitutunun direktoru Nazim Məmmədov da daxildir. O, Nazirlər Kabinetinə çağrıldığından AzadlıqRadiosu-nun suallarını onun müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov cavablandırıb. Direktor müavini də qəzanın istidən qaynaqlandığını düşünür:

“Hava isti olduğundan camaat kondisionerləri qoşur. Axı hər şeyin, o cümlədən transformatorların da bir həddi var. Məsələn, evdə görmürsünüz, bir neçə qurğunu qoşanda “probka” atır? Burda transformator bütün ölkəni əhatə edir. O da dözməyib yanıb”.

Bəs bu istiləri hesablamaq mümkün deyildimi? Alim cavab verir: “Bəlkə də olardı”.

Amma Ayaz Bayramov bu yerdə onu da deyir ki, istənilən halda komissiyanın rəyini gözləmək lazımdır: “Sabah, ya birigün komissiyanın tərkibində institutumuzun direktoru Mingəçevirə gedəcək. Hər şeyə baxacaqlar və qərara gələcəklər ki, nəyə görə olub, neyləmək lazımdır ki, bir də belə şey olmasın. 120 ildir ki, Azərbaycanda belə isti olmayıb. Nə bilsinlər 120 il sonra belə şey olacaq?”

Sabit Bağırov: “Ağlabatan deyil”

SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov rəsmi versiyanı, yəni qəzanın istidən baş verməsi haqda deyilənləri ağlabatan saymır:

“Bu, çətin ağlabatandır. Elektrik enerjisinin istehsalı sahəsində güclər var. Ona görə “bir qədər temperatur artdı və dərhal elektrik enerjisinin istehsalında problem yarandı” deyə izah etmək çətindir. Fikrimcə, hardasa başqa sahələrdə çatışmazlıqlar, nöqsanlar var, yəni texnoloji, texniki avadanlıq baxımından, işlərin qurulması baxımından. İstini bəhanə gətirmək... İsti neçə dərəcə artıb? Maksimum 2 faiz. 2 faiz yəni belə təhlükə yarada bilər? Son illər bu sahəyə böyük investisiyalar qoyulur. Fikrimcə, ciddi araşdırma aparılmalıdır ki, gələcəkdə bu cür hallar baş verməsin”.

Azərbaycanda birinci dəfə deyil ki, bu cür hal yaşanır. Bir neçə dəfə (2002-ci ilin yayında, 2006 və 2010-cu illərin qışında) paytaxt və bəzi bölgələr müəyyən zaman kəsimində elektriksiz qalıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG