Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

ABŞ-a azərbaycanlı generalı cəzalandırmaq təklif olunur


Mirqafar Seyidov
Mirqafar Seyidov

Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları ABŞ-ın dövlət katibi Rex Tillerson və maliyyə naziri Steven Mnuchin-ə müraciət edərək xarici ölkələrin bir sıra vəzifəli şəxslərinin adını "Qlobal Maqnitski aktı"na salmağı təklif ediblər.

Azərbaycandan bu siyahıya Bakı Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun salınması təklif olunur.

ABŞ Konqresinin ötən ilin sonunda qəbul etdiyi bu akt Amerika prezidentinə "insan haqlarını pozan və ya korrupsiyaya bulaşmış" xarici rəsmilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

Söhbət əsasən onlara qarşı viza qadağasından və ABŞ-dakı aktivlərinin dondurulmasından gedir.

Seyidov, bunadək DİN-in el arasında "bandotdel" kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri olub.

Müraciətdə deyilir ki, Seyidov 2016-cı ilin mayında keçmiş president Heydər Əliyevin heykəlinə hökumət əleyhinə şüarlar yazan iki fəalı həbsə atıb, onlara təcridxanada işgəncələr verilib. Müraciət müəllifləri iddia edirlər ki, hakimiyyət həmin gənc fəallara qarşı qanunsuz narkotik maddə saxlama ittihamı irəli sürüb və onlar polis məntəqəsində döyülərək bunu yazılı şəkildə etiraf etməyə məcbur ediliblər.

Müraciətdə həmçinin deyilir ki, Mirqafar Seyidovun iştirakı ilə polis əməkdaşları saxlananları döyüb, onun özü şəxsən bir nəfəri zorlama ilə hədələyib, başqa birisini isə polis idarəsinin tualetini yumağa məcbur edib və bu videoya çəkilib.

Müraciət 20-dən çox təşkilat, o cümlədən Human Rights Watch, PEN, Freedom House, "Sərhədsiz jurnalistlər" təşkilatları imzalayıblar.

M.Seyidovun bu müraciətə hələ ki reaksiyası bəlli deyil.

Azərbaycan hökumət bir qayda olaraq işgəncə ittihamlarını rədd edir.

Qiyas İbrahimov və Bayram Məmmədov
Qiyas İbrahimov və Bayram Məmmədov

Xatırladaq ki, gənc fəallar Bayram Məmmədov Qiyas İbrahimov 2016-cı il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B. Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Digər gənc fəal Bayram Məmmədov da dekabrın 8-də eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ABŞ Konqresi 2016-cı il dekabrın 9-da Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib.

Bu qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini daha da genişləndirir.

Əvvəllər bu qanun yalnız Rusiya vətəndaşlarına şamil edilirdisə, indi yeni qanun hər bir ölkəni əhatə edə bilər.

Buna da bax: HRW: 'Azərbaycanda həbslər kəskin artıb'

Xatırladaq ki, həmin qanunun müəlliflərindən biri olan ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smit (Christopher Smith) bir müddət öncə “Qlobal Maqnitski Aktı” qəbul ediləcəyi halda onun Azərbaycana da tətbiqi barədə məsələ qaldıracaqlarını demişdi.

Christopher Smith
Christopher Smith

“Freedom House” təşkilatının rəhbəri Devid Kramer də Hələ 2014-cü ildə Azərbaycanda 100-dən artıq siyasi məhbus olduğunu deyərək bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Magnitsky aktı” öncə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin həbsxanada ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı tətbiq edilib.

Sergei Magnitsky
Sergei Magnitsky

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG