Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:12

Azərbaycanda 1 koronaviruslu xəstə ölüb, 17 nəfərdə virus aşkarlanıb


Bakıda xəstəxana, 28 mart 2020
Bakıda xəstəxana, 28 mart 2020

Azərbaycanda 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
Bu barədə bu gün, martın 28-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda yazılıb ki, 1951-ci il təvəllüdlü həmin Azərbaycan vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Qərargah vurğulayıb ki, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri də müsbət çıxıb:

“Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir”.

Qurumun məlumatında habelə yazılıb ki, ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

“Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur”, açıqlamada vurğulanıb.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 183 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 26 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Sabah, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirilməsi gözlənir.

XS
SM
MD
LG