Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:22

Azərbaycanda həyatından məmnunlar artır


Bakı bulvarı
Bakı bulvarı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yeni hesabatı keçmiş kommunist ölkələrində həyatdan məmnunluq səviyyəsinin artdığını, ancaq korrupsiya və əmək bazarında gender bərabərsizliyi probleminin qaldığını göstərir.

«Keçid həyatı» adlanan hesabat 2006-cı ildən bəri 3-cü dəfədir hazırlanır. Bu dəfə də sənəddə kommunizmin çöküşündən sonrakı dəyişikliklərin insanların həyatına təsiri, insanların baxışları, dünyagörüşü, inancları təhlil edilir.

52% HƏYATINDAN RAZIDIR

EBRD hesabatını təkcə keçmiş Sovet ölkələri deyil, Türkiyə, Mərkəzi və Şərqi Avropa ölkələri də daxil olmaqla, 34 ölkədə, 51 min ailədə apardığı sorğuya əsasən hazırlayıb.

Hesabat Azərbaycanda həyatından məmnun olanların 2006-cı ildən bu yana artdığını göstərir. Sorğularda iştirak edən respondentlərin yarıdan çoxu – 52%-i həyatından razılığını bildirib. Müqayisə üçün deyək ki, bu siyahıya Özbəkistan və Tacikistan liderlik edir. Türkiyədə həyatından razıların sayı azalıb, 50%-dən, az qala, 40%-ə düşüb. Rusiyada da eniş müşahidə olunur, göstərici 30%-ə yaxındır. Gürcüstanda sorğuya qatılanların 40%-dən çoxu, Ermənistanda isə təxminən 30%-i həyatdan məmnun olduqlarını söyləyiblər.

Həyatından razı olan qadınların sayı kişilərinkindən azdır
Həyatından razı olan qadınların sayı kişilərinkindən azdır

Həm də Azərbaycan, Ermənistan da daxil olmaqla, 9 ölkədə həyatından razı olan kişilərin sayı qadınlarınkından çoxdur. Hesabatda Azərbaycanda bu fərqin daha çox diqqəti çəkdiyi, 10%-ə çatdığı deyilir.

50%-İN İNTERNETƏ GİRİŞİ VAR

Sənəddə əhalinin internetə giriş səviyyəsi də qiymətləndirilib. Azərbaycanda respondentlərin 50%-i internetə girişi olduğunu bildirib. Bu siyahıda Azərbaycan bütün qonşularından geri qalır. Siyahlıya Avropa ölkələri, Kosovo, Rusiya, Türkiyə liderlik edir. Gürcüstandakı respondentlərin yarıdan çoxu, Ermənistandakıların, az qala, 80%-i internetə girişi olduğunu söyləyib.

Azərbaycan, eləcə də Ermənistan, Gürcüstan və Tacikistan əhalisi ən az istirahət edən ölkələrdir. Bu ölkələrdəki respondentlərin 80%-dən çoxu ailəsinin ildə bir həftəlik tətil imkanı olmadığını deyib.

Əhalisi ət məhsullarıyla qidalana bilən ölkələr arasında Azərbaycan sonuncu yerlərdən birini tutur, qonşularından yalnız Gürcüstan və Ermənistandan qabaqdadır. Azərbaycanda sorğuda iştirak edənlərin yalnız 47%-i iki gündən bir ət, toyuq, yaxud balıq ala bildiyini söyləyib.​

Yalnız 47% iki gündən bir ət, toyuq, balıq ala bilir
Yalnız 47% iki gündən bir ət, toyuq, balıq ala bilir

KÖK QADINLAR SİYAHISI

Azərbaycanın liderlik etdiyi siyahı da var – kök qadınların sayını göstərən siyahı. Sorğuda iştirak edən azərbaycanlı qadınların, az qala, 50%-nin çəkisinin həddən artıq olduğu müəyyən edilib. Azərbaycandan sonra bu siyahıda Ukrayna, Gürcüstan və Ermənistan gəlir. Sorğuya qatılan kök Azərbaycan kişilərinin sayı qadınlarınkından iki dəfədən də azdır, təxminən 24%-dir. Kök kişilərin sayına görə Türkiyə, Ukrayna, Polşa irəlidədir.

Hesabatda həmçinin, respondentlərin başqa dinlərdən olanlara, miqrantlara, nikahsız yaşayanlara, homoseksuallara, korrupsiyaya münasibəti əks olunub. Ümumiyyətlə, korrupsiya təcrübəsinin azaldığı müəyyən edilsə də, rəqəmlər problemin hələ böyük olduğunu göstərir. Azərbaycan, eləcə də Ermənistan, Tacikistan, Moldova və Ukraynada sorğuda iştirak edən ailələr müxtəlif ictimai xidmətlər, xüsusilə tibbi yardım və təhsil üçün rüşvət ödədiklərini deyiblər.

«PULU KİŞİ QAZANSIN»

Şərqi Avropa və Qafqaz ölkələrində yerli institutlara – polis, silahlı qüvvələr, prezident və baş nazirə, dini qurumlara inamın azlığı müşahidə edilib.

Təhsilə gəlincə, EBRD Azərbaycanda qadınların 10%-nin, kişilərinsə 15%-nin ali təhsilli olduğunu müəyyən edib. Təhsil fərqinin az olmasına baxmayaraq, sorğular qadınların işgüzar resurslarından kişilərə nisbətən az istifadə etdiyini göstərib. Qızların erkən ailə qurduğu ölkələrdə bu fərq özəlliklə nəzərə çarpır. Hesabatda qadınların işçi bazarda və qərarların qəbulunda iştirakına əngəllərin olduğu, nəticədə çox böyük potensialın istifadəsiz qaldığı deyilir. Bununla belə, Rusiya, Qafqaz, Mərkəzi Asiya və hətta Şərqi Avropa ölkələrində sorğuda iştirak edənlərin çoxu eyni fikri səsləndirib: «Ən yaxşısı, kişinin pul qazanması, qadının ev və uşaqlarla məşğul olmasıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG