Azərbaycanda 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alındığı bildirilir.
Bu barədə bu gün, martın 22-də Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat yayılıb. Qurumdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
“Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən, bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq”, qurum vurğulayıb.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 65 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 12 min civarında şəxsin vəfat etdiyi bildirilir.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.
Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri iş günləridir.