Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:08

Azərbaycanın xarici borcunun artma səbəbləri-media icmalı


arxiv foto
arxiv foto

Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin Azərbaycana səfəri, banklarda qeyri-rezidentlərin əmanətlərinin azalması, xarici dövlət borcunun artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

XARİCİ ŞİRKƏTLƏRİN GEDİŞİ

“Bizim yol.info” saytında “Xaricilərin Azərbaycan banklarında əmanətləri azaldı: Bunun nə kimi təsirləri olacaq?” sərlövhəli yazı oxumaq olar.

Yazıda rəsmi mənbələrə istinadən bildirilir ki, qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətləri azalıb.

Ekspert Pərviz Heydərov-un mövzu ilə bağlı deməsinə görə, uzun müddətdir ki, hansısa bankın bağlanması kimi hadisələr baş verməsə də Azərbaycanın bu sektorunda vəziyyət ağır olaraq qalmaqdadır: “Banklara inamın bərpa olunması haqda danışmaq hələ tezdir. Bunu banklarda yerləşdirilən əmanətlərin həcmi də, yəni onun dəyişiklik dinamikası da deməyə əsas verir. Yeganə müsbət faktor ondan ibarətdir ki, xarici valyutada əmanət yerləşdirilməsi əvvəlki dinamikada deyil”.

P.Heydəov vurğulayıb ki, qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi elə də böyük deyil və bu sahədə azalma da ciddi əhəmiyyət kəsb etmir.
Ekspertə görə, istər son vaxtlarda qlobal, istərsə də Azərbaycan iqtisadiyyatında cərəyan edən tendensiyalar qeyri-rezidentlərə də təsirsiz ötüşməyib. Nəticədə bir neçə xarici şirkət və ya onların nüamyəndəlikləri Azərbaycandan gedib:

“Demək istədiyim odur ki, xaricilərin kommersiya banklarındakı əmanətlərinin həcminin azalmasında bunun da rolu olub”.
Amma ekspert bu prosesə bədbin yanaşmır. O, hesab edir ki, Azərbaycan iqtisadiyyatında yeni bir dövr start götürüb.

P. Heydərova görə, qeyri-neft sektorunun inkişafı qeyri-rezidentlərin də banklardakı vəsaitlərinin artmasına səbəb olcaq.

AZƏRBAYCANIN XARİCİ BORCU ARTIB

“Modern.az” saytında “Azərbaycanın xarici borcları niyə artır?” sualı gündəmə daşınır.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Müəllif xarici borcların artması səbəblərini iqtisadçı Qadir İbrahimli ilə təhlil edib.

Yazıda bildirilir ki, son vaxtlar Azərbaycanın xarici borcları ilə bağlı məsələ daha da aktuallaşıb. Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 643 milyon dollar və ya 16 milyard 393 milyon manat təşkil edib. Halbuki, ötən ilin əvvəlində bu məbləğ 6,913.2 milyon ABŞ dollarına bərabər olub.

Q.İbrahimli isə ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcminə nisbətdə xarici borcun o qədər də yüksək olmadığını düşünür:

“Azərbaycanın xarici borcu 2018-ci il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 22 faizini təşkil edir. Yəni bu il 74 milyard 647 milyon manat ÜDM istehsalı nəzərdə tutulub. Beləliklə, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 22 faizi həddində qiymətləndirilir ki, bu da kritik həddən (40 faiz) xeyli aşağıdır”

Q.İbrahimliyə görə, son 18 ayda xarici dövlət borcunun artmasının iki əsas səbəbi var:

“Bunlardan biri hökumətin Beynəlxalq Bankın zərərli aktivlərini və xarici borcunu öz üzərinə götürməsidir. Hökumət bunu bu bankın sistem əhəmiyyətli bank olması və ölkənin bütünlükdə bank sisteminə təsir göstərəcəyi ilə izah etdi. Digər əsas səbəb isə Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi ilə bağlı götürülən borclara verilən dövlət zəmanətidir. Bu layihənin icrası ilə məşğul olan “Cənub Qaz Dəhlizi” QSC -nin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur”.

İqtisadçıya görə, əsas narahatçılıq doğuran məqam dövlətə məxsus şirkətlərin və səhmdar cəmiyyətlərin borclanmalarıdır.

Q.İbrahimli vurğulayır ki, son illərdə SOCAR-ın getdikcə artan borcları və investisiya yatrılan layihələri müəyyən suallar doğurur.

O, borclu dövlət qurumları arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti (QSC) və “Azərenerji” Açıq Səhimdar Cəmiyyətini (ASC) də göstərir.

“AVROPA İTTİFAQININ SÖZ SAHİBİ...”

“Azərbaycan” qəzetində “Cənubi Qafqazın lideri və Avropa İttifaqının söz sahibi” sərlövhəli yazı dərc edilib. Yazı Almaniya kansleri Angela Merkelin bu gün, avqustun 25-də Azərbaycana gerçəkləşən səfəri öncəsi ərsəyə gəlib.

Angela Merkel, Almaniya, 18 avqust 2018
Angela Merkel, Almaniya, 18 avqust 2018

Müəllif bu səfər fonunda Azərbaycan-Almaniya münasibətlərini dəyərləndirib.

Yazıda bildirilir ki, bu səfər ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi və fikir mübadiləsi aparmaqdan ötrü yaxşı imkan yaradır.

Müəllif iddia edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti, regionun söz sahibidir:
“ Prezident ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə bəyan edirlər”.

Müəllif hesab edir ki, Almaniya kansleri Angela Merkel də Azərbaycanın bölgədəki rolunu, enerji təhlükəsizliyi və digər beynəlxalq məsələlərdəki mövqeyini daim yüksək qiymətləndirib.Yazıda onun 3 il öncəki çıxışndan sitat da gətirir:

“Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyirik”.

Yazının sonunda da oxuyuruq:

“Bütövlükdə isə bu səfər həm Azərbaycan-Almaniya, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələnin əsasını qoymaqla bərabər, tərəflər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına mühüm töfhələr verəcək”.

XS
SM
MD
LG