Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:15

'Rusiya bazarından asılılıq'-media icmalı


Rusiyada, Moskvada meyvə və tərəvəz mağazası, 12 oktyabr 2016

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi, qeyr-neft ixracının vəziyyəti, neftin yaratdığı arxayınlıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Yeni bazarlar axtarışı

“Yeni Müsavat” qəzetində “Azərbaycan aqrar ixracda Rusiyadan asılıdır” sərlövhəli yazı dərc edilib.

Yazıda ekspert Rəşad Həsənovun düşüncələrinə yer verilib.

Müəllif yazının girişində bu günlər Dünya Bankının təmsilçisi Culian Lampietti-nin Azərbaycanın aqrar ixrac məhsulları ilə bağlı fikirlərinə toxunur. Yazıda qeyd edildiyinə görə, o, bildirib ki, Azərbaycanın aqrar ixracının 77 faizini Ruisya təşkil edir. Dünya Bankının təmsilçisi hesab edir ki, Azərbaycan yeni bazarlar axtarmalıdır.

Ekspert Rəşad Həsənov da deyib ki, Azərbaycanın qeyri-neft ixracının daha çox hissəsi MDB ölkələrinə yönəlib. O, vurğulayıb ki, bu sahədə müəyyən layihələrin icrasına, maliyyə dəstəyinə baxmayaraq hələ ciddi nəticələr əldə etmək mümkün olmayıb:

Rəşad Həsənov, 2013
Rəşad Həsənov, 2013

“İxracatda asılılığın yaratdığı əsas problemlərdən biri bundan ibarətdir ki, azərbaycanlı fermer, onun istehsal etdiyi məhsul dedikdə ilk növbədə kənd təsərrüfatı məhsulları nəzərdə tutulur. Kənd təsərrüfatı isə çox riskli bir sahədir”.

Ekspert vurğulayıb ki, elə riskli sahə olduğundan belə ixracı etibarsız tərəfdaşlıq üzərində qurmaq olmaz. R.Həsənov deyib ki, yaxın keçmişdə Azərbaycandan Rusiyaya ixrac olunan bəzi məhsulların sərhəddə zay olması kimi hadisələr baş verib:

“Biz bu etibarsızlığı 2015-ci ildə Türkiyə ilə yaranan vəziyyətdə açıq gördük. Bu iki ölkə arasında yaranan gərginlikdən əsas zərər çəkən sahibkarlar oldu. Rusiya kimi bir nəfərin iradəsi daxilində fəaliyyət göstərən idarəetmə sistemlərində siyasi gərginliyin iqtisadi sferaya keçməsi sürətli xarakter daşıyır”.

Ekspert hesab edir ki, Azərbaycan qeyri-neft məhsullarını daha təbii üsullarla yetişdirildiyindən dayanıqlı, minimum riskli bazarlar əldə edə bilər.

“Neftin doğurduğu arxayınlıq”

“Modern.az” saytında “Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki…” sərlövhəli yazı yer alır.

Müəllif son vaxtlar neftin qiymətinin bahalaşması və bu bahalaşmadan ölkəyə daxil olan əlavə gəlirlərin xərclənməsi istiqamətləri barədə deputat Vahid Əhmədovla söhbət edib.

Vahid Əhmədov 13 aprel 2012
Vahid Əhmədov 13 aprel 2012

Yazıda qeyd edilir ki, 2018-ci il başlayandan Azərbaycan nefti bahalaşmaqda davam edir. Hətta bahalaşma son 3 ilin rekordunu yeniləyəcək həddə - 80 dollaradək yüksəlmişdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, neft qiymətlərinin yüksək olduğu hazırkı dövrdə büdcəyə xeyli həcmdə əlavə vəsait daxil olur:

“Bildiyiniz kimi, neft qiymətlərinin kəskin aşağı düşməsi, 2015-ci il devalvasiyalarından sonra yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində çox ciddi islahatlara start verilib. Məqsəd qeyri-neft sektorunun inkişafını daha da stimullaşdırmaqdan ibarətdir”.

Amma bu məsələ ilə bağlı V.Əhmədov narahatlığnı da ifadə edib. Deputat vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi ilə islahatların bir az da olsa, arxa plana keçdiyi müşahidə edilir.

V.Əhmədov deyib ki, bu neftin yüksək qiymətlərinin verdiyi arxayınlıqdan doğur və islahatların gedişində ləngimə hiss olunmaqdadır:

“ 2017-ci ildə cəmi 0,1 faiz Ümümi Daxili Məhsul (ÜDM) artımına nail olduq. Çünki 2017-ci ildə investisiya qoyuluşu 25 faiz azalmışdı”.

Deputat hesab edir ki, əsas investisiya qeyri-neft sektorunun inkişafına yönəldilməlidir.Onun fikrincə, belə olsa neft qiymətlərinin oynaması iqtisadiyyatı laxlada bilməz.

“Cənubi Qafqazın ən böyük hərbi gücü”

“Azərbaycan” qəzetində isə “Cənubi Qafqazın ən böyük hərbi gücü” sərlövhəli yazı dərc edilib.

Yazı Azərbaycan Silahlı Qüvvələri-nin yaradılmasının 100 illik yubleyinə həsr edilib.

Bakıda hərbi parad, 26 iyun 2018
Bakıda hərbi parad, 26 iyun 2018

Yazıda iddia olunur ki, Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki roluna daim böyük önəm verən keçmiş prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü elan edilib.
Yazıda əvvəlcə Azərbaycan ordusnun tarxindən bəhs edilir.Daha sonra Azərbaycan ordusunu Cənubu Qafqazın ən güclü ordusu sayan müəllif son illərdə bu istiqamətdə görülən işlərə toxunur:
“Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab prezidentin öz vədinə sadiqliyini təsdiq edir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb”

Müəllif daha sonra da yazıb:

“ Qarşıda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. İndiyədək keçirilmiş hərbi paradlar və döyüş əməliyyatları Silahlı Qüvvələrimizin həm gücünü, həm də modernləşdiyini göstərib”

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG