Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:07

Azərbaycan XİN: ‘Onların bir neçəsi terrorçu qrupun üzvləridir’


XİN

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 19-da bəyanatla çıxış edərək Ermənistanın “hərbi əsirlər” və “mülki şəxslər” kimi təqdim etdiyi şəxslərin Azərbaycan ərazisində qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirli bilindiklərini deyib.

Nazirlik bildirir ki, onlardan bir neçəsi terrorçu qrupun üzvləridir və Azərbaycanın 4 hərbi qulluqçusunu öldürməkdə, bir mülki şəxsi ağır yaralamaqda suçlanırlar.
Bundan başqa qeyd edilir ki, ittiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib, digər iki erməni vətəndaş isə mülki və hərbçi azərbaycanlılara işgəncə verməkdə ittiham olunurlar.

“Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var” – bəyanatda vurğulanır.

Nazirlik bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı bütün tələblərin yerinə yetirildiyini, hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşdüyünü deyir.
Bəyanatda Azərbaycanın bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verdiyi də ayrıca vurğulanır.

XİN bunun qarşılığında Ermənistanın yalnız Ağdam üzrə mina xəritələrini təhvil verdiyini, çoxsaylı mina xəritələrini gizlətdiyini bildirir.

“Hələ birinci Qarabağ müharibəsindən itkin düşən 4000-dək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur”- bəyanatda deyilir.
Azərbaycanla Ermənistanın xarici işlər nazirlikləri son günlər qarşılıqlı bəyanatlarla çıxış edirlər.

XS
SM
MD
LG