İxrac azalır, idxal artır
Halbuki manat düşürsə, tam tərsinə olmalı idi. Belə çıxır ki, manatın düşməyi iqtisadi dirçəlişə xidmət etmir.
Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34.73 faiz azalıb. Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal əməliyyatları 1.03 faiz artsa da, ixrac əməliyyatları 48.73 faiz azalıb.
Əsas malların ixracında azalmalar belə olub:
Xam neft – 53.01 %
Neft məhsulları – 45.62%
Təbii qaz – 27.11 %
Çay – 36.17%
Bitki və heyvan mənşəli piy və yağlar – 21.42%
Böhran əyalət qəzetlərinə də çatdı
Ölkədə baş verən bahalaşma əyalət qəzetlərinin qapısını döyməkdədir. Tədricən həmin qapılar qapanmaqdadır. Elə rayon qəzetləri var ki, böyük fasilələrlə çıxır. Cənub bölgəsində öz populyarlığı ilə seçilən, redaksiyası Masallı şəhərində yerləşən «Cənub xəbərləri» qəzeti əvvəllər ayda 3 dəfə çıxıb. Sonralar ayda 2 dəfə çap olunmağa başlayıb. Artıq bir müddətdir ki, bu qəzet çapını dayandırıb.
Un niyə bir gündə 25 faiz bahalandı?
Son bir gündə unun qiymətinin təqribən 25 faiz artdığı bəlli olur. Əgər bir neçə gün əvvəl 50 kiloqramlıq un kisəsi 19 manata təklif edilirdisə, indi bunu 24 manat 50 qəpiyə qaldırıblar. Topdansatış məntəqələrində bildirirlər ki, qiyməti dəyirmanlar qaldırıblar.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanda ən iri un istehsalçılarından olan Karmen MMC ilə əlaqə saxladıq. Ancaq cəmiyyətdən qiymət artımı ilə bağı deyilənləri nə təkzib, nə də inkar etdilər.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, unda qiymət artımı dəyirmanlardan yox, ölkəyə taxıl idxal edən firmalardan asılıdır. İqtisadçının sözlərinə görə, ölkəyə müxtəlif firmalar taxıl idxal etsələr də onlar bir əldən idarə edilir. Nəticədə də qiymətləri həmin əl müəyyən edir:
“ Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Bu fondda taxıl ehtiyatı əvvəl 250 min, sonra 500 min, bu il isə 750 min tona çatdırılıb. Bu çox böyük ehtiyatdır”
Nazir: "qiymət artımına nəzarət olunacaq"
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev APA-ya deyib ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq.
“Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Şahin Mustafayev bildirib.
Nazirin açıqlaması göstərir ki, idxal məhsullarının qiymətinin qalxması qaçılmazdır.
İdxaldan asılı əsas mallara o cümlədən, ət, şəkər, dərmanlar, qara metallar və s daxildir.