Türkiyədə benzin bahalanır
Türkiyədə benzinin qiyməti qalxır. Son rəsmi rəqəmlərə əsasən demək olar ki, alıcılar vergiyə görə daha çox pul ödəyirlər, nəinki yanacağa. Bunu«Hurriyet Daily News» yazır.
Neftin barrelinin qiyməti 35 dollara düşüb, bir litr benzin isə 4.5 lirəyə satılır. Halbuki bir litr benzinin istehsalı 1 lirəyə başa gəlir və pərakəndə qiyməti 3.74 lirədir ki, bu da istehsal qiymətindən qat-qat çoxdur. Qəzet yazır ki, bunun səbəbi yüksək vergidir. Əslində, Avropada da eyni mənzərədir.
Əli Hüseynli: "Smithin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa”…
“Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Christopher Smithin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli deyib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb: “Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər”?
ABŞ Rövşən Rzayevə cavab verir
ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin hazırladığı «ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında» qanun layihəsinə münasibət bildirib.
«Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa acığıq», - səfirliyin «Turan»ın sorğusuna cavabında deyilir.
Yumurta da xaricdən gəlir?
Dekabrın 21-də manatın 50 faiz ucuzlaşmasından sonra, bir çox ərzaq malları kimi, yumurtanın da qiyməti bahalaşıb. İndi müxtəlif marketlərdə yumurtanın bir dənəsi 17-19 qəpiyə satılır.
Bu qiymət qablaşdırılmış formada satılan broyler yumurtalarına aiddir. Kənd yumurtasının biri 25 qəpiyə satılır.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, bahalıq idxalla bağlıdır: «Yumurta Azərbaycanda istehsal olunsa da, istehsalda istifadə edilən bütün vasitələr xaricdən gətirilir. Texnoloji avadanlıqlar, dərman preparatları, yumurta istehsalında istifadə olunan yem komponentləri, genetik material, hamısı xaricdən gətirilir. Ona görə bizdə həmişə yumurtanın qiyməti yüksək olub. Daşınma xərcləri, digər xərcləri də var. Bunların hamısını hesablayanda bizdə yumurtanın maya dəyəri digər ölkələrə nisbətən yüksək olur».