Çar Sultana qarşı
"Bu, iki –Rusiya və Osmanlı imperiyalarının savaşıdır. Rəsmən on illər öncə çöksələr də, bu gün də parçalanmaqda davam edirlər. Və bu, iki kişinin, Vladimir Putin və Recep Tayyip Erdoğan-ın məsələsidir. Özlərini hələ də çoxdan itmiş imperiyaların varisi sayırlar. Onlar bu imperiyaları rəiyyətin beynində canlandırıblar, böyük keçmiş də tez-tez gözləri önündə bərq vurur. Təəccüblü deyil ki, Suriyada oyunçular artdıqca və münaqişə qızışdıqca, ilk qığılcım da bu iki kişi arasında alovlanır".Bunu «Foreign Policy»də Julia Ioffe yazır.
NATİQ KƏRİMOV: “HÖKUMƏT LAZIM BİLSƏ, DANIŞIQLARA GEDƏCƏYİK”
“Kənddə indi sakitlik olsa da, Nardarandan çıxanları polis saxlayır”. Nardaran kəndinin Ağsaqqalar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna belə söyləyib.
O son hadisələrlə bağlı televizyaların “qızışdırıcı mövqe” tutduğunu və bunun yaxşı nəticə verməyəcəyini də bildirib.
Natiq Kərimov kənddə indi hamının meyitlərin qaytarılmasını gözlədiyini deyib: “Bizə deyiblər ki, 1-2 saata verilməlidir. Ekspertiza aparılır. Bu işlər tamamlanan kimi bizə qaytaracaqlar. Amma biz də bilmirik ölənlər kimdir, polis də dəqiq məlumat vermir. Şəhidlərimizi dəfn edəndən sonra, hökumət lazım bilsə danışıqlara gedəcəyik”.
O hökumətlə danışıqlarda həbs edilənlərin buraxılmasını və yaralıların sağalmasına kömək göstərilməsini istəyəcəklərini deyib.
Noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının başçısı Taleh Bağırzadə həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb.
Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıqlar təklifinə rədd cavabı verib
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Nardaranda ölümlə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanıb: “Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”.
Rusiya səfirliyinin karikaturası
Rusiyanın Britaniyadakı səfirliyi öz Twitter səhifəsinə Osmanlı Türkiyəsini alçaldan- nəhəng rus əsgəri qarşısında cılız paşa karikaturası qoyub. Bu da türk mediasında çox mənfi qarşılanıb. Haberturk bunu "çirkin tvit" adlandırır.