Nardaran: Kim nə xəbər verir?
Hadisə şahidlərinin femida.az-a verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur.
Hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.
Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.
Nardaran: Polis əməliyyat keçirildiyini təsdiqləyir
APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Nardaranda insident həbs əməliyyatı zamanı başlanıb
İslamezeri.az saytı xəbər verir ki, Nardaranda atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.
İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.
3 yaralı daxil olub
3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.
Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.
Bu gün Nardaranda atışma olması barədə məlumatlar var.