İlham Əliyev daha 7 diplomatı geri çağırdı
İlham Əliyev M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Digər sərəncamlarla, o cümlədən, M.Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, E.Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, T. Zülfüqarov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Rusiya Suriyaya S-400 sistemləri yerləşdirir
Rusiya Suriyadakı hərbi bazasına müasir növ hava hücumlarından müdafiə sistemi yerləşdirir.
Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov noyabrın 25-də bildirib ki, müdafiə nazirliyi Himeymim bazasında S-400 zenit-raket sistemləri qurulmasını istəyib və prezident Putin buna icazə verib.
S-400 sistemi 60 km radiusda saniyədə 4,8 km sürətilə uçan ballistik raketi vura bilir.
250 km məsafədə isə aerodinamik hədəfləri, yəni uçan təyyarəni vurur.
27 km hündürlükdə uçan hədəfi vura bilir və eyni vaxta 36 hədəfi nişan alıb, vura bilir.
Eyni vaxtda 72 raket ata bilir.
Moskvanın bu yeni addımı noyabrın 24-də Türkiyənin Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra atılıb.
Xədicə İsmayıl həbsdə qaldı
Bakı Apellyasiya Məhkəməsi noyabrın 25-də həbsdə olan jurnalist Xədicə İsmayıl barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir. Prosesinə hakim İlqar Murquzov sədrlik edib.
Xədicə İsmayıl mənimsəmə və israf etmə ,qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
Müdafiə tərəfi apellyasiya şikayətində cinayət işinə xitam verilməsi və jurnalistin azadlığa buraxılmasını istəyirdi.
Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.
Türkiyənin Moskvadakı səfirliyi daşa basılıb
Bu barədə Lenta.ru-nun əməkdaşı noyabrın 25-də hadisə yerindən xəbər verir.
Onun sözlərinə görə səfirliyin pəncərələri sındırılıb. Səfirliyinin binası qarşısında çoxlu daş, şüşə qırıntıları var. Divarlara rəngli boya atılıb.
Polislər səfirliyin ətrafında növbə çəkir. Onlar binaya gələn yolları bağlamağa cəhd göstərirlər.