Tusk: "Soyuqqanlı və sakit olun"
CNN Türk xəbər verir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşdiyi vaxt Avropa Birliyindən "Soyuqqanlı və sakit olun" mesajı gəldi. Bu mesajı Avropa Şurasının prezidenti Donald Tusk verib.
O bildirib ki, Avropa Birliyi vəziyyəti diqqətlə izləyir.
NATO isə bu gün Bakı vaxtı ilə axşam saat 8-də fövqəladə iclasa toplanır və Rusiya təyyarəsinin vurulması insidentini müzakirə edəcək.
Putin deyib ki, təyyarənin vurulmasının Rusiya-Türkiyə münasibətlərində faciəvi nəticələri olacaq
Putin: "təyyarə hava-hava növlü raketlə vurulub"
Rusiya prezidenti Putin deyib ki, Rusiya təyyarəsi hava-hava növlü raketlə vurulub.
Putin deyib ki, "bu terrorizmlə mübarizə aparan Rusiyaya terrorçuların himayədarlarının arxadan vurduğu zərbədir"
Bir pilot öldürülüb
Suriya müxalifətinin "Sahil 10-cu brirqadası" qrupundan Cahid Əhməd adlı bir nəfər deyib ki, vurulan Rusiya təyyarəsinin iki pilotu Suriya ordusunun nəzarətində olan əraziyə düşmək istəyiblər, ancaq Suriya ordusunun birləşməsi onları atəşə tutub. Nəticədə bir pilot ölüb. Bunu Associated Press xəbər verir. Agentlik ikinci pilotdan xəbər olmadığını bildirir. Bundan əvvəl CNN Türk xəbər verirdi ki, pilotlardan biri Suriya türkmanlarının əlinə keçib.
Noyabrın 24-də NATO təcili toplantısında vurulan Rusiya təyyarəsi insidentini müzakirə edəcək. 1950-ci ildən bəri ilk dəfədir ki, NATO ölkəsi Rusiya təyyarəsini vurur.