Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 18:20

Azərbaycan vətəndaşı Ermənistana aparılıb


Dövlət Təhlükəsizlik Xidməti

Elnur Hüseynzadə adlı Azərbaycan vətəndaşının Dağlıq Qarabağda saxlandığı və oradan da Ermənistana aparıldığı bildirilir.

Bu barədə bu gün, fevralın 5-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Komissiya ad çəkmədən beynəlxalq təşkilatlara istinad edir.

Azərbaycan vətəndaşının iki il əvvəl, fevralın 1-də saxlandığı vurğulanır. “Ermənistan hərbçilərinin işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxladığı və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadə 2019-cu il fevralın 2-də Şuşa şəhərindən Ermənistana aparılıb”, məlumatda vurğulanır.

Komissiya bildirir ki, saxlandığı vaxtdan etibarən Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Amma məlumatda Elnur Hüseynzadənin necə, hansı şəraitdə saxlandığı qeyd edilmir. Onun mülki şəxs, yoxsa hərbi qulluqçu olduğu da açıqlanmır.

Amma...

Amma iki il əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfə əsir düşdüyü bildirilən eyni ad və soyadlı şəxs ilə bağlı məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, Elnur Hüseynzadə tez-tez hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Amma həmin şəxsin yaxınları o vaxt bəzi kütləvi informasiya vasitələrinə fərqli məlumatlar vermişdilər.

Onlar iddia edirdilər ki, Ermənistan silahlı qüvvələrinin əsir götürdüyü Elnur Hüseynzadə hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə qayıdıb.

Yaxınlarının vurğulamasına görə, Elnur Hüseynzadə müddətdən artıq hərbi xidmət məqsədi ilə orduya yollanıb.

Müdafiə Nazirliyi isə Elnur Hüseynzadənin yaxınlarının dediklərini təkzib etmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG