Wall Street-ə xəbərdarlıq
ABŞ hökuməti Wall Street-in əsas şirkətlərinə tövsiyə edib ki, Moskvaya sanksiyaların pozulmamasından ötrü Rusiyanın istiqraz satışına qatılmasınlar.
ABŞ Dövlət və Maliyyə Departamentləri belə bir xəbərdarlıqla 3 milyard dollarlıq istiqraz buraxılışından öncə çıxış edib. Bu, Krımı anneksiyaya görə Rusiyaya qoyulan sanksiyalardan sonra ilk belə addımdır.
Rusiya ABŞ-ın Goldman Sachs, JPMorgan və Morgan Stanley sərmayə şirkətlərini, eləcə də Avropa və Çin banklarını prosesdə iştiraka çağırıb.
ABŞ rəsmilərinin sözlərinə görə, Rusiyanın maliyyələşdirmə işinə hər hansı yardım ABŞ siyasətinə ziddir. Belə ki, bu vəsait sanksiya qoyulmuş müəssisələrə gedəcək.
Rusiya rəsmiləri bu bəyanatları ABŞ-ın “qorxması” kimi qələmə veriblər.
70 hakim uzaqlaşdırılıb
«Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub».
APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilir.
Hesabatda deyilir ki, korrupsiya və başqa neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb. Kobud qanun pozuntularına görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Ölmüş vəkil təyin olunub
Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov həbs olunarkən xeyli əvvəl dünyasını dəyişmiş şəxs ona dövlət hesabına vəkil kimi təqdim edilib. Bu faktın üstü fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nazim Ağabəyovun işi üzrə məhkəmə iclasında açılıb. Ağabəyovun vəkili Adil İsmayılov bunu sübut edən sənədləri, o cümlədən Vəkillər Kollegiyasının cavabını məhkəməyə təqdim edib.