ABŞ səfiri: "Fundamental hüquqların qorunması…"
"ABŞ-ın Azərbaycanda sabitliyi pozmağa çalışması barədə fikir, yumşaq desək, əsassızdır. Belə informasiya Azərbaycanın Qərb dövlətləri, ilk növbədə ABŞ ilə yaxınlaşmasını və əməkdaşlıq etməsini istəməyən yerdən gələ bilər". Bunu iyunun 9-da ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Turan"ın "Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir" sualının cavabında bildirib.
"İnvestisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq. 90-cı illərin əvvəlindən biz Azərbaycana 1.5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur", - səfir vurğulayıb.
Səfirin fikrincə, ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb: "Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür".
Keçmiş Sovet respublikaları Rusiyanın təcavüzünə məruz qalarsa…
"Vladimir Putinin etdiyi bütün ölkələr üçün siqnal oldu ki, o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır". Bunu iyunun 9-da ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Turan"ın "Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi" sualının cavabında bildirib.
Səfir təəssüflə əlavə edib ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər: "Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm".
ABŞ səfiri daha sonra da əlavə edib: "Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək".
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rusiya rəsmiləri isə iddia edirlər ki, onların Ukraynanı işğal etmək niyyəti yoxdur, məqsədləri onun neytrallığına nail olmaqdır.