Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:13

İran Türkiyə hərbçilərini Xəzərdə görmək istəmir


Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqləri
Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqləri

İran Azərbaycan və Türkiyə hərbi təlimləri çərçivəsində Xəzər dənizindəki məşqlərlə bağlı narazılığını bildirib. Təlimlər bitəndən sonra, sentyabrın 13-də ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirib ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı beş dövlətdən (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır: "Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq".

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində başlayan və ayın 12-ə qədər davam edən təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordusunun qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsi olub. Məşqlərdə həmçinin, sualtı hücum və müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra edilib.

Prezidentin köməkçisi səfirlə görüşüb

Amma açıqlamaya, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Bununla belə, dünən, sentyabrın 13-də Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

H.Hacıyev görüşlə bağlı Twitter səhifəsində paylaşım edib. "Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik", - prezidentin köməkçisi vurğulayıb.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də bu görüş barədə özünün Twitter səhifəsində paylaşım edib: "Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik".

Bəs belə isə İran Azərbaycan və Türkiyənin təlimlərindən nədən narazıdır?

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Azərbaycan nə qədər zəif olsa, İrana o qədər xoş olar"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, İran Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına qısqanclıqla baxır: "Türkiyənin bizim orduya təlim keçməsi, Azərbaycan ordusunun güclənməsi və hətta Ermənistanın Qarabağda məğlub olması İranı son dərəcədə həyəcanlandırır və müxtəlif bəyanatları verməyə sövq edir. Azərbaycan nə qədər zəif olsa, İrana o qədər xoş olar".

Deputatın sözlərinə görə, İran unutmamalıdır ki, Türkiyə və Azərbaycan bir xalqdır: "İran əhalisinin, az qala, yarısı da türkdür".

"Əslində biz bundan narahat olmalıyıq"

O əlavə edib ki, Türkiyə ilə Azərbaycanın birgə təlimləri iki ölkə arasında anlaşmalara uyğundur. Komitə üzvü qeyd edib ki, İran öz hərbi potensialını gücləndirir, nüvə proqramlarını sürətləndirir: "Əslində biz bundan narahat olmalıyıq və buna etiraz etməliyik. İranın regionun bütün islam ölkələrində barmağı var, orada öz gizli təşkilat şəbəkəsini genişləndirir. Onda biz gərək hər belə məsələ ilə bağlı narazılığımızı bildirək. Amma biz İranla dinc qonşuluq münasibətlərini inkişaf etdirmək istəyirik".

S.Rüstəmxanlı vurğulayıb ki, Xəzərdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin İran üçün heç bir təhdidi yoxdur.

T.Zülfüqarov
T.Zülfüqarov

"Bu, Xəzəryanı dövlətlərin mövqeyinə heç də zidd deyil"

Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, bəzi məqamlarda İranın rəhbərliyində, ictimaiyyətində Azərbaycana qarşı həm dost olan və həm də mənfi münasibət bəsləyən qüvvələr var.

Ekspert qeyd edib ki, Azərbaycan da qeyri-Xəzər dövlətlərinin burada həm gəmiçilik, həm də hansısa şəkildə hərbi fəaliyyətlə məşğul olmasını istəmir: "Sözügedən təlimlər Azərbaycan-Türkiyə tərəfdaşlıq münasibətlərinin bir hissəsidir. Ələlxüsus müdafiə münasibətlərinin. Orada Türkiyə hərbi dəniz qüvvələrinə aid nə gəmi var idi, nə də ayrı bir vasitə. Bu, ümumi mövqeyi olan Xəzəryanı dövlətlərin mövqeyinə heç də zidd deyil".

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi ekspertlər də qeyd ediblər ki, İran Azərbaycanı daim öz nüfuz dairəsində saxlamağa çalışır. Onların fikrincə, güclü və müstəqil Azərbaycan onların maraqlarına cavab vermir. İddialara görə, xüsusilə də Azərbaycanın Qərbə, habelə İsrailə yaxınlaşması bu ölkənin rəsmi dairələrində qıcıq yaradır.

Azərbaycanla İran arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Yazıda səslənən fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Lakin bu ölkənin rəsmiləri, bir qayda olaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü tanıdıqlarını açıq ifadə edirlər.

XS
SM
MD
LG