Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Cəhbə bölgəsində yaşayanların gözləri yoldadır


Cəhbə bölgəsindəki kəndlərdə tez-tez belə lövhələrə rast gəlinir
Cəhbə bölgəsindəki kəndlərdə tez-tez belə lövhələrə rast gəlinir

Müharibə əhval-ruhiyyəsi yenidən arxada qalıb. Daha adamlar gecələri səksəkə içərisində keçirmirlər. Havadan barıt iyi çəkilib. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sonuncu döyüşlərdən ( aprel döyüşləri) iki il keçir...

Yazın gəlişi bir az da canlanma yaradıb: səhər açılandan gün batana kimi tarlalarda adamlar gözə dəyir. İt hürüşü, inək böyürtüsü, toyuq qaqqıltısı, yumurtadan təzə çıxmış cücələrin cikkiltisi bir-birinə qarışıb. Küçələrdə uşaqlar velosiped sürür, bekar adamlar çayxanalarda nərd, domino oynayır...

Bura Ağdamın təmas xəttə yaxın olam Hacıməmmədli kəndi-dir. Yerli əhali iki il əvvəl- aprel həyəcanını yaşayıb. İri çaplı silahların və ağır artilleriya qurğularının atəşlərindən yaralanan da olub, yaşayış evi qəzalı vəziyyətə düşən də. Bəzi sakinlər o məhrumiyyət və sarsıntıdan hələ də ayılmadıqlarını deyirlər...

“Aldadıb evi özümə təmir etdirdilər”

“2016-cı ilin aprelində hər iki tərəfdən atılan güllələr başımızın üstündən uçurdu. Kənddə tək-tük adam qalmışdı, hamı arvad-uşağı kənara çıxarmışdı. Aprelin 27-də evdə tək olduğum vaxt həyətimə “Qrad” mərmisisi düşüb partladı. Başımı götürüb qaçdım. Elə o gündən şəkər xəstəliyinə tutulmuşam.”

Hacıməmmədli kəndinin sakini Elşad Məmmədov deyir ki, ertəsi gün evini bərbad vəziyyətdə görür:

Elşad Məmmədov, Ağdam, Hacıməmmədli kəndi, Azərbaycan, 20 may 18
Elşad Məmmədov, Ağdam, Hacıməmmədli kəndi, Azərbaycan, 20 may 18

“Şiferlər qırılıb tökülmüşdü, pəncərənin çərçivəsi yerindən çıxmışdı, evin mətbəx olan hissəsi dağılmışdı. Yerli icra hakimiyyətindən gəlib baxdılar. Söz verdilər ki, evim dövlət hesabına bərpa olunacaq.”

Vətəndaş ona edilən köməklikdən narazı qalıb:

“Çox şikayətdən, get-gəldən sonra mənə əvvəllər istifadə olunmuş şifer, sınıq mişar daşları və 10 kisə sement təklif olundu. Bunları qəbul etməyəndə, dedilər dam ötüyünü öz hesabına yenilə, sonra pulunu verərik. Dəmir alıb evin üstünə vurdum. Amma onun dəyərini ödəmədilər. Bu günkü günədək mağazaya 600 manat borclu qalmışam. Evin bir tərəfi çöküb, mətbəx bərpa olunmadı, açıq balkonum indi də damır.”

“Bu ev bizi xəstə salıb”

Müsahibim söhbətə ara verir, bir udum çay içəndən sonra qonşu otağa keçir. Az sonra bir qovluq tibbi sənəd və içərisi dərmanla dolu torba ilə qayıdır:

“Son iki ildə əlimizdə olanlar həm də dava-dərmana və müayinələrə gedib. İki dəfə İranda olmuşam. Müalicə xərclərini süd-qatıqla, ya dövlətin verdiyi 55 manatlıq pensiya ilə ödəmək olmur. Olan mal-qaramızı satmışıq. Buradan beləsini bilmirik necə olacaq.”

Elşad Məmmədovun həyat yoldaşı Nubar Məmmədova da səhhətindən şikayətçidir. Amma onu daha çox narahat edən yaşayış şəraitləridir:

Nubar Məmmədova, Ağdam, Azərbaycan, 20 may 2018
Nubar Məmmədova, Ağdam, Azərbaycan, 20 may 2018

“Bu ev bizi xəstə salıb. Baxın, toyuq-cücəni mətbəxdə saxlayıram. Evin bu vəziyyətinə görə 25 yaşlı subay oğlumuzu evləndirə bilmirik.”

“Oğlum yaralandı, mən xəstəlik tapdım”

Başqa bir məmmədovlar ailəsində də vəziyyət demələrinə görə, acınacaqlıdır. Minayə Məmmədova deyir ki, aprel döyüşlərində oğlu Elnur yaralanıb, özü isə qorxudan xəstələnib:

Minayə Məmmədova, 20 may 2018
Minayə Məmmədova, 20 may 2018

“Oğlum əməliyyat olunub, davamlı müalicə alır. Mən isə ankoloji xəstəlik diaqnozu qoyulub. Ərim şəkərdir, ayağı kəsilib. İndi xəstəxanadadır.”

O, həyətlərinə mərminin düşdüyü yeri göstərir. Bu mərmidən çıxan qəlpələrin divarlarda, darvazada, dəmir boruda buraxdığı izlər indiyədək qalmaqdadır. Onun sözlərinə görə, mərmi evin açıq balkonunun dam örtüyünü və tavanını sıradan çıxarıb, qapı və pəncərələri sındırıb:

“İcradan gəldilər, baxdılar, şəkil çəkdilər, yazıb-pozdular. Amma bu iki ildə bizə dövlətdən yardım olmadı. Qohumların köməyi ilə evə bir balaca əl gəzdirmişik. Qapını bu yaxında gəlinimin əmisi öz hesabına düzəldib. Amma evin uçuq və yarıq yerləri çoxdur, otaqlara hər cür həşərat, hətta ilan girir.”

“Məni prezidentlə görüşə buraxmadılar”

M. Məmmədova aldıqları pensiyanın müalicə xərclərini belə ödəmədiyini söyləyir:

“Mən 150 manat pensiya alıram. Kimyəvi terapiyaya cəlb olunmuşam, hər 21 gündən bir mənə 400 manatlıq dava-dərman işlənir. Qohum-qardaş kömək edir. Ərimin pensiyası da onun öz xərcinə çatmır. Oğlum yaralanandan sonra yarımcan olub, ağır işlərə girə bilmir. Dövlət ona 55 manatlıq pensiya kəsib. İki körpə uşağı var. Özünüz fikirləşin: bu pulla 4 nəfərlik ailəni dolandırmaq olarmı?!”

Minayə Məmmədova onu da bildirir ki, prezident və xanımı Ağdama gələrkən onlara dərdini, problemlərini demək istəyib. Amma deməsinə görə, yerli məmurlar onu bu görüşə buraxmayıblar.

Ana oğlunun dərdinə çarə arayır

Hacıməmmədli kəndində bir ailənin də qayğıları az deyil. 14 yaşlı Murad Əliyev doğulan gündən bəri dünya işığına həsrətdir. Valideynləri onun dərdinə çarə aradıqlarını, hələ də ümidlərini üzmədiklərini deyirlər. Ana- Vüsalə Əliyeva təkcə dövlət orqanlarından yox, hər kəsdən kömək istəyir...

Statusu olmayan köçkün

Qazax Məmmədov isə 25 ildir ailəsi ilə birgə zorən köçkünlük həyatı yaşadığını söyləyir. Yox, kəndin ərazisi işğal olunmayıb, onun evini də kimsə tutmayıb. O, bildirir ki, sadəcə evi yaşayışa yararlı deyil:

“Evi təzəcə tikibmişdim ki, müharibə başladı. 1993-cü ildə buranı tərk etməli olduq. Övladlarımdan biri didərginlik illərində doğulub. Bir müddət burada hərbçilər qalıb. Qayıdanda ev yararsız vəziyyətdə idi. Keçmiş icra başçısı Həsən Sarıyev özü şəxsən gəlib baxdı və tapşırdı ki, burada qalmayın. O vaxtdan bəri ailəmlə Mingəçevir, Sabirabad, Masallıda yaşamışam, son vaxtlar isə Bakıda kirayə ev tutmuşuq. Qızlarımı özgə qapılarından gəlin köçürmüşəm.”

Qazax Məmmədov, 20 may 2018
Qazax Məmmədov, 20 may 2018

​Q. Məmmədov deyir ki, evinin bərpasından ötrü yerli və mərkəzi icra hakimiyyəti orqanlarına etdiyi müraciətlərinə cavab almayıb:

“Yuxarı orqanlara yazdıqlarımı Ağdamın İcra Hakimiyyətinə göndərirlər. Sonuncu isə cavab vermir. Dəfələrlə icra başçımız Raqub Məmmədovun qəbuluna düşmək istəmişəm. Məni onun yanına buraxmırlar...”

O, öz vəziyyətlərini ölkənin məcburi köçkünlərləri ilə müqayisə edir: “Barı onların statusu var. Dövlət köçkünə sığınacaq verib, bir hissəsini evlə də təmin edib. Onlar yardım alır, müəyyən güzəştlərə malikdirlər. Yurdum, evim ola-ola mənim ailəm qalıb çöllərdə, bizə heç bir yerdən köməklik yoxdur.”

Ağdam RİH: “Mülki əhaliyə dəymiş ziyan tamamilə aradan qaldırılıb”

Bütün bu şikayətlərə ayrılıqda Ağdam Rayon İcra Hakimiyyəti-ndən münasibət almaq mümkün olmayıb.
Rəsmi məlumatlara görə, 2016-ci ilin aprel döyüşləri zamanı Ağdam rayonunda ümumilikdə 50-dən çox ev ciddi dağıntıya məruz qalıb.Ağdam rayon İcra Hakimiyyətindən (ARİH) bir qədər əvvəl isə yerli mediyaya bildiriblər ki, aprel hadisələrinin nəticələri tam aradan qaldırılıb:

“Dəymiş ziyanın miqdarını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılmışdı. Çox qısa müddət ərzində mülki əhalinin evlərinə dəymiş ziyan tamamilə aradan qaldırıldı. Belə ki, 8 ailəyə yeni ev tikildi, 15 ev bərpa olundu, 27 ev əsaslı, digər ziyan çəkmiş evlər isə cari təmir olundu.”

Sahibsiz həyətdə açan çiçək...

Aprel döyüşlərində mərmilərin əmələ gətirdiyi xəndəklər dolub, üstünü ot alıb. Sakinlər deyir ki, bir müddət maddi sübut kimi saxladıqları partlamış mərmi qalıqlarını qəpik-quruşa metal alıcılarına satıblar.

Sakitlik yaranandan bəri adamlar təzədən təsərrüfat işlərinə güc veriblər. Kənddə az qala əkilməyən yarlı torpaq qalmayıb. Təbiət də sanki səxavətini əsirgəməyib. Yazın əvvəli yağıntılı olub, son vaxtlarsa günəşli günlər keçir. Bunun nəticəsində torpaq “canında olan nə varsa” çıxarıb üzə. Hətta sahibsiz qalan həyətlərdə də gül kolları çiçək açıb...

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

2016-ci ilin aprelində isə cəbhə xəttində ağır silahlar da işə düşüb.Hər iki tərəfdən onlarla insanın həlak olduğu açıqlanıb. Bir neçə gün davam edən döyüşlər yenidən atəşkəsin bərpa edilməsi ilə dayandırılıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG