Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Azərbaycan ‘Star’a daha 700 milyon dollar yatırcaq


Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) və Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə, Izmir, 18 oktyabr 2018
Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) və Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə, Izmir, 18 oktyabr 2018

“Star Rafineri”nin yaradılmasına Azərbaycan indiyə kimi 6,3 milyard dollar yatırım qoyub.

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

O, vurğulayıb ki, növbəti mərhələdə Azərbaycan bu zavoda əlavə 700 milyon dollar yatırım edəcək.

İ.Əliyev layihənin həyata keçməsinə əsas səbəb kimi Türkiyə-Azərbaycan dostluğunu göstərib:

“Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik”.

“Star” zavodunda 1100 nəfər çalışacaq.

“Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühümlərindən biridir”.

Bunu da “Star” neft emalı zavodunun açılışnda Türkiyə prezidenti Ərdoğan deyib.

Ərdoğan vurğulayıb ki, 2008-ci ildən etibarən Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR enerji sahəsində Türkiyədə mühüm layihələr həyata keçirir:

“Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək”.

Ərdoğan eyni zamanda, bu neft emalı zavodunu Türkiyənin ən böyük enerji layihəsi adlandırıb.

Türkiyə prezidenti məşğulluq baxımından da zavodun əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, zavodda 1100 nəfər çalışacaq.

Qarabağ problemin barədə də danışan Ərdoğan deyib ki, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz.

Xatırlatma

“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də qoyulub.

Bu zavod ildə 10 mln. ton xam neft emalı gücünə malik olmalıdır. “Star” Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod fəaliyyətə başladıqdan sonra orada ildə 1.6 mln. ton nafta, 5 mln. ton dizel, 1.6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və başqa məhsullar istehsal olunmalıdır.

Zavod Azərbaycanın maliyyəsi ilə inşa edilib.

XS
SM
MD
LG