Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:35

Yaponiya 1-ci, Azərbaycan 76-cı: Vizasız səfərə görə


Azərbaycan pasportu
Azərbaycan pasportu

İsveçrə şirkəti Azərbaycan pasportunun cəlbediciliyini ölçüb. "Henley&Partners" şirkətinin reytinqinə əsasən, 2023-cü ildə Azərbaycan pasportu cəlbediciliyinə görə dünyada 76-cı yerdə qərarlaşıb. Bir il əvvəl o, həmin reytinqdə 78-ci yerdə olub. "Henley&Partners" şirkətinin reytinqinin əsasında "sərbəst hərəkət etmə" indeksi durur. Bu indeks ölkənin vətəndaşının neçə ölkəyə vizasız gedə bilməsindən və digər faktorlardan götürülür.

Post-sovet ölkələri, Afrika,…

Reytinqin 1-ci yerində Yaponiya qərarlaşıb. Onun vətəndaşları əksər dünya (200-ə yaxın) ölkələrinə vizasız gedə bilirlər. Azərbaycan vətəndaşları isə dünyanın 70 ölkəsinə vizasız səfər edə bilir. Onların çoxu post-sovet ölkələri, Afrika, Asiya, Cənubi Amerika və Avropa İttifaqına daxil olmayan Avropa dövlətləridir.

Vizasız rejim tətbiq olunmayan ölkələrdən Azərbaycana e-viza almaq olur. e-vizanı 80 ölkənin vətəndaşı ala bilər. Xaricilər və vətəndaşlığı olmayan şəxslər e-viza üçün Azərbaycan Respublikasının ərazisinə gəlməzdən ən azı 3 iş günü (standart e-viza) və ya 3 saat (təcili e-viza) əvvəl müraciət etməlidirlər. Bundan ötrü onlar sənədlərin skan sürətini portala daxil etməli və rüsum ödəməlidirlər. e-viza siyahısına daxil olmayan ölkələrin vətəndaşları yalnız Azərbaycan səfirliyi vasitəsilə viza ala bilərlər.

Gürcüstan azərbaycanlıları: 'Avropaya vizasız getmək gözəldi'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Çox istərdim ki, Azərbaycan da Gürcüstan kimi…"

Dizayner Vəli Şükürov deyir ki, ötən il Macarıstana və Fransaya getmək istəyib, amma Şengen vizası ilə bağlı müraciətinə müvafiq səfirliklərdən imtina cavabı alıb. O, AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyasından (2020) əvvəl bir neçə dəfə Şengen vizasını problemsiz alıb: "Bu dəfə də yoldaşımla turistik məqsədilə səfər etmək istəyirdik. İkimizin də yaxşı gəlirli rəsmi işimiz var, sənədlər da qaydasında, amma buna baxmayaraq bizə bir səbəb göstərmədən viza müraciətimizə imtina verdilər".

Hələlik, bu deyilənlərə sözügedən səfirliklərdən münasibət almaq mümkün olmayıb. V.Şükürov sonra da deyib: "Çox istərdim ki, Azərbaycan da Gürcüstan kimi vizasız gediş-gəliş üçün müqavilə imzalasın. Yoxsa inkişaf etmiş ölkələrə çıxışımız mümkün deyil".

E.Nəsirov
E.Nəsirov

"Hətta reytinqlərin subyektivliyi faktoru olsa belə…"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə "Turan"a deyib ki, istənilən reytinq nisbidir: "Məsələn, Azərbaycan Silahlı Qüvvələri tarixi qələbəyə imza atmamışdan əvvəl ölkələrin hərbi gücünü müəyyənləşdirən "Global Power" indeksində 50-yə daxil idi. Amma indi yeni reytinq müəyyən ediblər, Azərbaycan orada 57-ci yerdə göstərilir. Tarixi qələbəyə imza atan, torpaqları geri qaytaran, ən müasir silahlarla silahlanmış ordunu 57-ci yerə keçiriblər. Ona görə də istənilən reytinqləri Quran ayəsi kimi qəbul etmək olmaz".

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşları vizasız 70 ölkəyə gedib-gələ bilir: "Reytinqdə də təxminən 200 ölkə var. Nəzərə alsaq ki, həmin ölkələr arasında Avropa İttifaqı ölkələri, ABŞ, Asiyanın nəhəngləri var, hətta reytinqlərin subyektivliyi faktoru olsa belə, Azərbaycan üçün 76-cı yerin ayrılması yaxşı nəticədir".

Tbilisi Avropa Birliyi ilə vizasız rejimi pozanları cəzalandıracaq
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

"Elə bilirsiz, hər gələn-gedən xoş niyyətlə gəlir?"

E.Nəsirov hesab edir ki, vizasız rejim məsələsində təhlükəsizlik da önəmli rol oynayır: "Elə bilirsiz, hər gələn-gedən xoş niyyətlə gəlir? Bunu düşünmək sadəlövhlük olardı".

Onun fikrincə, Azərbaycan bu məsələdə ardıcıl və sistemli iş görür: "Biz nə çox qabağa getmək istəyirik, nə də geridə qalmaq. Biz orta qızıl xətt prinsipini qoruyub saxlayırıq, viza rejiminin ləğvinin Azərbaycana xeyri, ziyanı və digər məsələlərin hamısı nəzərdən keçirilir. Hər halda, iki pillə Azərbaycan reytinqdə yüksəldilib".

"Turist adı ilə gəlib siyasi sığınacaq istəməsinlər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, reytinqdə birinci yeri tutan Yaponiya inkişaf etmiş ölkədir və onun vətəndaşları başqa ölkələrə gedəndə sığınacaq istəmirlər: "Amma Azərbaycan haqqında bunu demək olmaz. Son illər Azərbaycandan müxtəlif Qərb ölkələrinə köç olmuşdu. Ona görə də Azərbaycan və digər postsovet ölkələri ilə viza rejimi tətbiq olunur ki, turist adı ilə gəlib siyasi sığınacaq istəməsinlər. Bu, Qərb ölkələrini qorxudur".

E.Şahinoğlu
E.Şahinoğlu

Onun sözlərinə görə, burada başqa amillərin da rolu var: "Azərbaycan tərəfi görəndə ki, Qərb ölkələri Azərbaycan vətəndaşlarına viza tətbiq edir, qərar verib ki, eynilə bu ölkələrin vətəndaşlarına viza tətbiq olunsun".

Amma E.Şahinoğlu hesab edir ki, qarşılıqlı viza anlayışı yanlışdır: "Çünki Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, giriş icazəsi həll olunmalıdır. Digər tərəfdən, başqa məsələ də həll olunmayıb – quru sərhədlərimiz bağlıdır. Bu özü də prosesə təsir edir".

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin əvvəlindən Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Yoluxma sayında kəskin azalma olsa da, hökumət, hələlik, həmin məhdudiyyəti götürməyib.

XS
SM
MD
LG