Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Azərbaycan OPEK razılaşmasına sadiqdir


OPEC, 28 sentyabr 2016.
OPEC, 28 sentyabr 2016.

Azərbaycan bu il avqust ayında da gündəlik neft hasilatının azaldılması sazişinə əməl edib. Gərəkli sənədlərin neft ixrac edən ölkələr birliyi- OPEC-ə təqdim edildiyi bildirilir.

Energetika Nazirliyi-nin məlumatında belə yazılır.

Məlumatda vurğulanır ki, Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barrel olub. Bunun 716 min barrelini xam neft, 58 min barrelini kondensat təşkil edib.

Ölkə üzrə gündəlik neft hasilatı yanvarda 814,6, fevralda 806, martda 794, apreldə 785,7, may ayında 801, iyunda 792, iyul ayında isə 773 min barrel olub.

2017-ci il ərzində ölkədə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

Bu il, iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatı kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvəyə minib.

Xatırlatma

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş əvvəlcə 6 aylığa imzalanıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.

Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Bu razılaşmalara da Azərbaycan qoşulub.

Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 75-80 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.

XS
SM
MD
LG