Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30

Azərbaycan NATO təlimlərinə niyə getmir


ABŞ-Gürcüstan birgə təlimləri
ABŞ-Gürcüstan birgə təlimləri

Gələn həftə Gürcüstanda keçiriləcək NATO hərbi təlimlərində ABŞ, Almaniya, Türkiyə, Ukrayna və Ermənistan hərbçiləri iştirak edəcək. Azərbaycan son anda, gözlənilmədən bu təlimlərə qatılmayacağını bildirib. Bu haqda eurasianet.org saytı məlumat yayıb.

Saytın əməkdaşı Joshua Kucera xatırladır ki, Azərbaycan bu yaxınlarda Rumıniyada yekunlaşmış NATO təlimlərinə də qatılmamışdı, ancaq daha öncəki illərdə bir neçə təlimdə iştirak edib. Ermənistan isə ilk dəfə olaraq Rumıniyadakı tədbirə getdi.

Azərbaycan Qara dənizdə ABŞ və Ukraynanın ev sahibliyi etdiyi donanma təlimlərinə də qoşulmayıb. Baxmayaraq ki, daha öncə gedəcəyini bildirmişdi. Həm Gürcüstan, həm də Qara dənizdəki təlimlərə qatılmamağın səbəbi bəlli deyil. Buna rəsmi izahat verilməyib, nə Müdafiə, nə də Xarici İşlər Nazirliyindən saytın sualını cavablandıran tapılmayıb.

«AQQRESSİV MACƏRA»

Gürcüstandakı təlimlər bu yay NATO-nun Qara dənizdə böyük təlimlər seriyasının bir hissəsidir, həmin təlimlərə 40 minədək hərbçi qatılır. Bu, isə Rusiyanı qıcıqlandırıb.

«Bütün bu arası kəsilməyən təlimlər sərhədlərimiz yaxınlığında qüvvələrin tamamilə yeni konfiqurasiyasını yaradır. Bu, təkcə təhlükəsizlik durumunu pisləşdirmir, eləcə də Rusiyaya təhlükədir», – Rusiyanın NATO-dakı səfiri Alexander Grushkov deyib.

Azərbaycan ordusu Gürcüstanda NATO təlimlərində
Azərbaycan ordusu Gürcüstanda NATO təlimlərində

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin Gürcüstanı «aqressiv macəra»da suçlayıb, deyib ki, «Gürcüstanda NATO-nun iştirakıyla keçirilən təlimlər regionda optimizm və təhlükəsizlik hissi yaratmır».

Müəllif yazır ki, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi olan Ermənistanın bu təlimlərdə iştirakı inandırıcı görünməyə bilər. Yerevanın hansı səviyyədə qoşulması barədə nə özü, nə də təşkilatçılar detallı bilgi verməyiblər.

Ancaq Ermənistan indiyədək NATO təlimlərinə kiçik hərbi qruplar göndərib, alyansla məhdud çərçivədə əməkdaşlıq edib.

AZƏRBAYCANIN MARAQ DOĞURAN MÖVQEYİ

«Şübhəsiz, Kollektiv Təhlükəsizlik Əməkdaşlığı Təşkilatı və NATO fərqli məqsədləri hədəfləyirlər, amma... təcrübəmiz göstərib ki, bir ölkə milli təhlükəsizliyinin təminatından ötrü fərqli formatlarda əməkdaşlığın yollarını tapa bilər», – prezident Serzh Sarkisian bu ilin əvvəlində deyib.

Müəllif Azərbaycanın mövqeyinin maraq doğurduğunu yazır. Ötən ay müdafiə naziri Zakir Həsənov Brüsselə gedib, ölkəsinin NATO-nun Əfqanıstan missiyasında iştirakı götür-qoy edib. Mayda isə Azərbaycanın nümayəndə heyəti Brüsseldə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Ölkə hərbçiləri indiyədək bir neçə təlimə qatılıb.

«Bu təlimlərdə iştirakdan imtinaya Azərbaycan mediası elə də diqqət ayırmayıb. Hərbi təhlilçi Üzeyir Cəfərov bir veb-sayta deyib ki, Azərbaycanın «Layiqli Tərəfdaş-2017» təlimlərinə qatılmamasının səbəbi Ermənistanın iştirakı ola bilər.

Ancaq ötən il hər iki ölkə heç bir insidentsiz NATO təlimlərində olub. Daha bir məqalədə isə tədbirlərin vaxtı qarışdırılıb və yazılıb ki, Azərbaycan bu təlimlərə öz təşəbbüsüylə getməyib və onun yoxluğundan istifadə edən Ermənistan NATO-nun gözünə girməyə çalışıb», – eurasianet.org belə yazır.

XS
SM
MD
LG