"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur". Bunu sentyabrın 22-də prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə deyib.
Prezident ölkə iqtisadiyyatının ümumi inkişafından da bəhs edib. Deyib ki, artım templəri çox da böyük deyil: "Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi".
O, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun artıq 30 ilə yaxındır istismarda olduğunu xatırladıb: "Təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq".
Dövlət başçısı sözünə davam edərək bildirib: " Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1.2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da bu ilin səkkiz ayında 5.4 faiz artım olmuşdur".
Dövlət Statistika Komitəsi (DSK) isə bugünlərdə bildirmişdi ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin sənaye sektorunda 44.6 milyard manat məbləğində sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,4 faiz azdır. Ekspertlər də bu geriləməni əsasən neft hasilatının azalması, sənayenin digər sahələrinin isə lazımı səviyyədə inkişaf etməməsi ilə izah edirdilər.
Bir neçə zavod yaradılacaq
İ.Əliyev vurğulayıb ki, metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı əsasında alüminium istehsalı 2030-cu ilədək 100 min tona çatdırılmalıdır: "Burada da bir neçə zavod yaradılacaq".
Azərbaycanda ötən il alüminim istehsalı azalsa da, bu il artım var. DSK-nın məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51.8 faiz çoxdur.
5.3 milyard manat investisiya nəzərdə tutulur
İqtisadiyyat naziri Mikayıl Cabbarov da proqramın əsas hədəflərinin kifayət qədər böyük olduğunu bildirib: "2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1.8 milyard manata, illik ixrac potensialının isə 1.3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3.4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5.3 milyard manat investisiya nəzərdə tutulur".
M.Cabbarov əlavə edib ki, 5.3 milyard manatın 1.1 milyard manatı dövlət büdcəsi hesabına, 2.2 milyard manatı dövlət müəssisələrinin vəsaiti (o cümlədən kredit, yəni borc kapitalı), 2 milyard manat isə özəl vəsait (o cümlədən borc kapitalı) hesabına formalaşacaq: "Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək".
Amma müstəqil iqtisadçılar hesab edirlər ki, ölkədə xarici sərmayə üçün o qədər də münbit şərait yoxdur. Onların fikrincə, başlıca problem gerçək rəqabətin olmaması, korrupsiya və məhkəmələrin müstəqilliyi məsələləridir. Hərçənd, rəsmilər ölkədə korrupsiya ilə mübarizədə real iradənin mövcud olduğunu iddia edirlər.
Müstəqil iqtisadçılar habelə vurğulayırlar ki, Azərbaycanda bu vaxta qədər qəbul edilən dövlət proqramlarının çoxunda qarşıya qoyulan məqsədlərə çatılmayıb.