Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:29

“Azərbaycanda seçki sistemi müstəqil deyil”


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları məhkəməsinin üç nəfərin işinə dair qərarında bütövlükdə ölkənin seçki sisteminə hüquqi qiymət verilib

Avropa İnsan Haqlarının son hökmünə görə Azərbaycan öz vətəndaşlarının haqlarının ciddi pozulmasına görə ağır cərimə ödəməli olacaq.

Məhkəmənin qərarında deyilir ki, şikayət ərizəçiləri Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun iddiaları təmin edilib və Azərbaycan onların hər birinə 10 min avro ödəməlidir.

Məhkəmə bildirib ki, adı çəkilən şəxslərin işində Avropa İnsan Haqları Konvensiyasının 1 nömrəli Protokolunun 3-cü Maddəsi pozulub.

Presedent hökm

Bu işə 2010-cu ilin parlament seçkilərində saxtakarlıq və pozuntular barədə müxtəlif müxalifət partiyalarından olan namizədlərin ərizəçi olaraq verdikləri şikayət əsasında baxılıb.

Adı çəkilən şəxlər iddia etmişdilər ki, onların seçilmək hüququ seçki komissiyası üzvlərinin seçki prosesinə müdaxiləsi, seçicilərə təzyiq göstərilməsi, müşahidəçilərin seçkilərin monitorinqdən məhrum edilməsi və seçki qutularına saxta bülletenlərin doldurulması ilə pozulub.

Bu da qeyd olunmalıdır ki, üç ərizəçinin şikayəti əsasında çıxarılsa da, Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı presedent sayıla bilər və buna görə də qərarda bütövlükdə Azərbaycanda seçki sisteminə hüquqi qiymət verilib.

Məhkəmə qərarında bildirlir ki, şikayətçilərin ərizələrində göstərilən qüsurları bütövlükdə seçki müşahidəçilərinin sənədləşdirdikləri qüsurlarla üst-üstə düşür.

Sistem YAP-a işləyir

Qərarda habelə bildirlir ki, seçki pozuntuları həm də seçki komissiyalarının tərkibində hakim və iqtidaryönlü partiya nümayəndələrinin çoxluğu ilə bağlıdır.

Sənəddə ümumiyyətlə, Azərbaycanın seçki sisteminin düzgün olmadığı, dərin islahatlara ehtiyac olduğu barədə birmənalı nəticə çıxarılıb.

Bu da deyilməldir ki, qərarda iradlar təkcə seçki sistemi ilə kifayətlənmir. Bildirilir ki, Azərbaycan məhkəmələri adı çəkilən şəxslərin şikayəti üzrə işləri düzgün aparmayıb, məsələn, şikayətlərə baxılarkən müşahidəçilər məhkəməyə dəvət olunmayıblar.

Ali Məhkəmə isə iddiaları ona görə rədd edib ki, artıq Konstitusiya Məhkəməsi seçki nəticələrini tanıyıb. Qərarda bu “erkən tanıma”nın düzgün olmadığı göstərilir.

MSK sübutları təqdim etməyib

Avropa Məhkəməsinin qərarında deyilir ki, Azərbaycanda 2010-cu ildə keçirilmiş parlament seçkilərində iddia olunan pozuntuların həqiqiliyini aşkar etmək onun səlahiyyətində olmasa da, ərizəçilərin namizədliklərini verdikləri məntəqələrdə son dərəcə ciddi pozuntulara yol verildiyi müəyyənləşib.

Qərarda deyilir ki, ərizəçilərin şikayətinin bəzi müşahidəçilərin ifadəsi ilə əsassız sayıldığı göstərilsə də, bu ifadələr nə şikayətçilərə, nə də Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunmayıb.

Təsadüfi deyildir ki, Avropa İnsan Haqları Məhkəməsinin sözü gedən qərarının mətbuat relizinə - “Azərbaycanda seçki sistemi müstəqil deyildir” sərlövhəsi verilib.

XS
SM
MD
LG