Bu gün, oktyabrın 14-ü Azərbaycan yığması UEFA Millətlər Liqası-nda növbəti oyununu keçirəcək.
D Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi IV tur çərçivəsində Malta yığması-nı qəbul edəcək. Oyun yerli vaxtla saat 20:00-da başlayacaq.
Ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü heç-heçə ilə nəticələnib - 1:1.
Malta hələlik yalnız Azərbaycan millisindən xal ala bilib. Malta ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3.
İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.
Qrupun digər oyununda Farer adaları Kosovonu qəbul edəcək. Üç turdan sonra Kosovonun 7, Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.
Xatırlatma
UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir. Çünki 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-nün vəsiqəsi UEFA Millətlər Liqasında əldə edilməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020-nin seçmə mərhələsində əldə ediləcək.