“Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.’’
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən iyulun 23-də axşam saatlarında bildiriblər.
Qurumdan AZƏRTAC-a qeyd ediblər ki, Azərbaycan ordusunun bölmələri cavab atəşi açıblar.
Ermənistan MN-nin məlumatı
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 23-də, yerli vaxtla saat 17:00-da Azərbaycan qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik sahəsində erməni mövqelərinə atəş açıblar.
Üç erməni hərbçinin odlu silahdan yüngül yara aldığı xəbər verilir.
Ermənistan Müdafiə Nazirliyi habelə Kəlbəcər istiqamətində bir Azərbaycan hərbçisinin erməni tərəfinin atəş açması nəticəsində həlak olması barədə xəbəri təkzib edib.
Nazirlik iddia edir ki, atışma azərbaycanlı hərbçilərin öz arasında ola bilərdi və Ermənistan qüvvələri onların mövqeləri atəşə tutulmayanadək cavab atəşi açmayıblar.
Ermənistan MN bildirib ki, insident Vardenis rayonunun Kut (Zərkənd – red) və Sotk (Zod – red) kəndləri yaxınlığında qeydə alınıb.
Bir-iki atəşi atışma saymırlar...
Azatutuyun Geğamasar (Şişqaya – red) kəndinin icra nümayəndəsi Akop Avetyanın sözlərinə istinadən yazır ki, atışma “şiddətli” olub.
Avetyan əlavə edib ki, yaralanan hərbçilərdən ikisi müqaviləli, biri isə müddətli hərbi qulluqçudur.
Kənd icmasının başçısı sərhəddə hələ də gərginlik olduğunu, Azərbaycan ordusunun Zərkənd və Zod istiqamətindəki erməni mövqelərini atəşə tutmaqda davam etdiyini bildirib.
Avetyan deyib ki, “buralarda bir-iki atəşi atışma saymırlar”.
O əlavə edib ki, şiddətli atışma bir neçə gün əvvəl olub, bir də bugün, iyulun 23-də axşam başlanıb.
***
Bundan əvvəl Azərbaycan Kəlbəcər rayonundakı mövqeylərinin atəşə tutulduğunu bildirilirdi.
Bununla bağlı Müdafiə Nazirliyi bu gün, iyulun 23-də məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərindəki mövqelərindən Azərbaycan ordusunun dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub
Açıqlamaya görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun gizir rütbəli bir hərbi qulluqçu həlak olub :
"Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. "
Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.
Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, ölən və yaralananların olduğu da bildirilir.
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.